"ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycanın başının altına qu tükündən hazırlanmış yastıq qoymaqdır. Bunu SİA-ya açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Onun sözlərinə görə ATƏT-in Minsk qrupu gec ya da tez ləğv olunmalıdır: "ATƏT-in Minsk qrupu 20 il ərzində heç nəyə nail ola bilməyib. Bu haqda danışmağa belə dəyməz. Ən dəhşətlisi isə cəbhə xəttində vaxtaşırı satqınçılıqla məşğul olan monitorinq qrupudur. Onlar qoşunların təmas xəttini vaxtaşırı gəzib dolanırlar. Bu qrupun saxlanılmasında iki məqsəd var. Keçən il Ağdam istiqamətində lokal döyüş oldu. Azərbaycan ordusu erməniləri 7 km geri atdı və 32 erməni əsgəri öldürüldü. Birincisi budur ki, Azərbaycan qoşunları işğal altında olan torpaqlarımıza doğru irəliləyibmi? İkincisi də ermənilərə satqınçılıq etmək. Daha bir maraqlı məqam isə tez-tez monitorinq insidentsiz ötüşdü deyilməsidir. Guya erməni ATƏT-in nümayəndəsinə güllə atacaqdı. Onlar təmas xəttindən çıxan kimi atəşkəs yenidən pozulur. Bütün bunları qəbul etmək olmaz".
ATƏT-in Minsk qrupunun beynəlxalq hüquq və normalara hörmətsizliklə yanaşdığını deyən millət vəkili sözlərinə əlavə edib ki, həmsədrlər sanki Xankəndinə paraşütlə gəlib: "Son görüş ərəfəsində belə bir xəbər yayıldı ki, həmsədrlər Xankəndinə gəlib və ordan da İrəvana gedəcək. Sual oluna bilər, həmsədrlər paraşütlə gəldi? Birbaşa Xankəndinə necə gəlmək olar? ATƏT-in Minsk qrupu Xankəndinə ya Azərbaycandan ya da Ermənistandan keçərək gedə bilər. Burdan da aydın olur ki, həmsədrlər xalqımızın hissiyatı ilə oynayırlar. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB