Mübariz Qurbanlı: “Raffi Ovannisyanın fikirləri tamamilə böhtandır”

Mübariz Qurbanlı: “Raffi Ovannisyanın fikirləri tamamilə böhtandır”

"Raffi Ovannisyanın Bakıda səsləndirdiyi fikirlər tamamilə böhtan xarakterlidir". Bunu SİA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Ermənilərin hər zaman bu cür yalanlar danışdığını vurğulayan M.Qurbanlı deyib ki, noyabrın 23-də Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 18-ci iclasında sabiq erməni nazirin çıxışı nəzərdə tutulub: "Əgər Raffi Ovannisyan sabah da sərsəm çıxışlar edəcəksə, o zaman biz onun layiqli cavabını verəcəyik. Mən bir daha qeyd edim ki, Raffi Ovannisyanın söylədiyi fikirlər növbəti dəfə erməni yalanı və təxribatıdır. Digər tərəfdən isə bu tədbirin təşkilatçısı Azərbaycan deyil. Biz tədbirə yalnız ev sahibliyi edirik. Tədbirin təşkilatçısı Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransıdır. Bu qurumun Təşkilat Komitəsi Seulda yerləşir. Beynəlxalq tədbir olduğundan Ermənistan tərəfini də təşkilatçılar dəvət edib".

Bütün beynəlxalq qurumların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunduğunu bəyan etdiklərini deyən M.Qurbanlı bildirib ki, beynəlxalq tədbirlərlə bağlı İrəvana səfər edən azərbaycanlılar Ermənistanın işğalçı olduğunu yüksək tribunalardan çəkinmədən səsləndirirlər: "Bu tədbirdə də Azərbaycanın 11 siyasi partiyası iştirak edir. Odur ki, ermənin bir çıxışına on bir cavab veriləcək".

Həsən Həsənov

Bütün xəbərlər Facebook səhifəmizdə