Aleksey Vlasov :"Rusiya Cənubi Qafqazda sabitliyin olmasında maraqlıdır"
Rusiya Cənubi Qafqaz regionunda sabitliyin olmasında maraqlıdır. SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərə "Şimal-Cənub" Siyasi Mərkəzinin baş direktoru, Moskva Dövlət Universitetinin nəzdində Postsovet məkanında ictimai-siyasi proseslərin tədqiqatı üzrə Mərkəzin direktoru Aleksey Vlasov deyib.
"Azərbaycan 2013-cü ildə prezident seçkiləri ilə başa çatmalı olan böyük siyasi mərhələyə qədəm qoyub və bu şəraitdə Rusiya şübhəsiz ki, ölkədə, regionda və umumilikdə sabitliyin qorunmasında maraqlıdır", - Vlasov qeyd edib.
Politoloqun sözlərinə görə, Rusiya və Azərbaycan arasında danışıqlar masası arxasında həll etməyin mümkün olmadığı məsələ və problem yoxdur. Bura Qəbələ RLS-in icarəyə verilməsi müddətinin uzadılması və iki ölkənin enerji əməkdaşlığı məsələlərini aid etmək olar. Rusiya qonşu Şimali Qafqaz regionunda sabitliyin qorunması üçün də Cənubi Qafqazda sabitliyin olmasına maraq göstərir.
Gürcüstanla bağlı məsələyə də toxunan Vlasovun bildirdiyinə görə, Tbilisi və Moskva arasında dialoqun bərpa edilməsinin vaxtı barədə danışmaq hələ tezdir. "Əlbəttə ki, Baş nazir Bidzina İvanişvilinin başçılığı ilə yeni hökumətin gəlməsi ilə 2008-ci ilin avqustunda baş vermiş hadisələrin təkrarlanması ehtimalı heçə enir, lakin münasibətlərin tam bərpa olunması haqqında danışmaq hələ tezdir. Gürcüstan tərəfindən qarşıdurma ritorikasının olmaması və Rusiyanın cavab addımlar atmaması halında proses "ölü nöqtə"dən hərəkət edə bilər, lakin Cənubi Osetiya və Abxaziya məsələsi danışıqlar prosesində ilkin şərt ola bilməz".
Gürcüstan ərazisindən keçməklə Abxaziya dəmiryol layihəsinin həyata keçirilməsinin mümkünlüyünə gəlincə, bu barədə danışmaq hələ çox tezdir. Əgər münasibətlər bərpa edilsə, bu, şübhəsiz ki, bütün regiona müsbət təsir edəcək deyə siyasi ekspert qeyd edib.
Ermənistandakı vəziyyəti də dəyərləndirən Vlasov bildirib ki, Ermənistandakı seçkilərin nəticəsi əvvəlcədən məlumdur. "2013-cü il prezident seçkilərində çox güman ki, Serj Sarkisyan qalib gələcək, çünki bu gün Ermənistanda rəqabət meydançası yarada biləcək qüvvə olduqca azdır".
Dağlıq Qarabağ münaqişəsinə toxunan Vlasov bildirib ki, 2013-cü ildə prosesə əvvəlki dinamikanı qaytarmaq və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün konkret yol xəritəsi ilə danışıqlar masası arxasına oturmaq lazımdır.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB