"Dövlətini satanları dünyanın heç bir yerində qəbul etmirlər"

"Dövlətini satanları dünyanın heç bir yerində qəbul etmirlər"

"Radikal müxalifətin dili ilə deyilən 17 noyabr mitinqi adi yürüşə belə bənzəmirdi. Çünki burada iştirakçıların sayı çox az idi". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

Politoloq bildirib ki, mitinqdə ən azı 50 nəfər olmalıdır. "Müxalifətin səsləndirdiyi şüarlar daha çox təxribat xarakterlidir. Çünki parlamentin buraxılması mexanizmi Azərbaycan qanunvericiliyində yoxdur. Müxalifətin polislə qarşıdurması ictimai asayişi pozur və onların maraqlarına xidmət edən bir addımdır. Mitinqlərdə bir nəfər də olsun partiya sədri iştirak etmir. Soruşulanda isə gənclər təşkil edib deyə cavablandırırlar. Gənclər heç vaxt özbaşına aksiya keçirə bilməz. Təbii ki, bu İsa Qəmbər və Əli Kərimli duetinin aldığı sifarişin icrasına yönəldilən hərəkətlərdir. Təəssüf edirəm ki, müxalifətçi gənclər də özlərini qabaqkı nəsillərinə oxşatmağa çalışırlar. Bu gənclər İsa Qəmbər və Əli Kərimli nəslinin çox pis şəkildə kopyasıdır. Müxalifətin Azərbaycanın 25 il bundan qabaq sınaqdan keçirdiyi mitinq yolunu seçməsi siyasi cəhətdən inkişaf etməməsinə dəlalət edir. Yəni bu tələblər siyasi tələblər adlansa da, daha çox ara qarışdırmağa hesablanmış tələblərdir".

Müxalifətin nəzarətində olan KİV-lərdə baş verənlər hamıya məlumdur. Bu KİV-lərdə ağıllarına gələni yazdıqlarını bildirən politoloq deyir ki, onlar bunu özlərinə sığışdırmaq həddinə qədər eniblər: "Bu KİV-lərdə hər kəs təhqir olunur. Cənab prezidentin özü, ailə üzvləri olmazın təhqir və şayiələrlə üzləşir. Dünyasını dəyişən Ulu Öndərimiz Heydər Əliyev haqqında ağıllarına gələni danışırlar. Bir şeyi unudurlar ki, prezident ailəsi olsa belə, nəticədə azərbaycanlı ailəsidir. Bütün bunlara görə Azərbaycanda hər hansı bir cinayət işi qaldırılmayıb. Bir sözlə, belə ləyaqətsiz davranışlar sərgiləyənlərə lazımi cavabı vermək üçün hər cür şərait var".

Müxalifətçi gənclərin belə aksiyalara gəlməsində xaricə getmək eşqinin də mühüm rol oynadığını deyən politoloq hesab edir ki, belə gəncləri milli satqınçılıqdan çəkindirmək lazımdır. "Müxalifətçi gənclər asayişi pozduğuna görə 10 günə qədər həbs olunurlar. Həbsdən çıxdıqdan sonra əvvəlcə partiya üzvü kimi, sonra öz fikirlərini sərbəst ifadə edə bilməyən şəxs kimi xarici səfirliklərə müraciət edirlər. Bu xarici səfirliklərin kifayət qədər belə gənclərə ehtiyacı var. Çünki onları gələcəkdə bu dövlətə qarşı istifadə edəcəklər. Belə gənclər indidən milli xəyanətin qurbanlarına çevriliblər. Gənclər başa düşmürlər ki, gələcəkdə onlar vətəni satmağa məcbur ediləcəklər. Bu gün bizim "İvaanzadələrimiz" azdırsa "Conzadələrimiz" çoxalır. Bu mitinqlərin keçirilməsinə əsas səbəb Avropaya guya Azərbaycanda söz azadlığı yoxdur, onları burada sıxışdırırlar. Ancaq Avropaya gedəndən sonra nəinki Azərbaycan, hətta müxalifət belə yadlarından çıxarırlar. Belə insanlar çoxdur. Blogger kimi cinayət işi açılan Elnur Məcidli, Milli Təhlükəsizlik Nazirliyindən qovulmuş Ramin Nağıyev və Elşad Abdullayev kimi onlarla xarici kəşfiyyata işləyən milli satqınlarımız var. Hazırda E.Abdullayev Fransa kəşfiyyatı tərəfindən ölkəmizə qarşı istifadə olunur. Yəni bu insanlar gələcəkdə bu tip milli satqınlar yetişdirmək üçün belə qanunsuz aksiyalar keçirirlər. Lakin bunu demək istəyirəm ki, millətini və dövlətini satanları dünyanın heç bir yerində qəbul etmirlər".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə