"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Xocalı faciəsini soyqırımı kimi tanımasını alqışlayır". SİA-nın məlumatına görə, bunu Prezident Administrasiyası (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İƏT XİNŞ-nin qəbul etdiyi son bəyənatı şərh edərkən deyib.
PA rəsmisinin sözlərinə görə, Xocalı soyqırımı uydurma bir hadisə deyil və bizi də bu hadisədən cəmi 20 il ayırır: "Bir gecədə bir şəhəri yerlə yeksan qoymaq, dinc əhaliyə qəddarcasına divan tutmaq indiki nəslin gözü qarşısında baş verib. Bizi Xocalı faciəsindən cəmi iyirmi il ayırır, sevindirici halıdır ki, artıq beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımağa başlayıb. Tanınma prosesinin başlaması müsbət haldır".
Ə.Həsənov qeyd edib ki, artıq 2 ölkə tanıyandan sonra İƏT Xarici İşlər Nazirləri Şurasında da bu faktın tanınması o deməkdir ki, gələcəkdə əksər islam ölkələrində Xocalı soyqırımına hüquqi qiymət veriləcək və bununla cəmi 20 il bundan qabaq baş verən Xocalı soyqırımı beynəlxalq aləmdə tanınacaq: "Xocalı soyqırımını tanıtmaqla bizim məqsədimiz heç də bu gün Cənubi Qafqazda qisasçılıq siyasəti formalaşdırmaq, ermənilərə qarşı əhalidə qisasçılıq əhval ruhiyyəsi yaratmaq deyil. Bu hadisəni tanıtdırmaqla bizim məqsədimiz bir daha bəşəriyyətə, insanlığa qarşı bu tipli hadisələrin yol verməmək, erməni qəsbkarlarının törətdiyi vandalizmin dünyada qiymətini alması və antiazərbaycan təbliğatlarının effektini azaltmaqdır. Ümumiyyətlə, gələcəkdə Xocalı soyqırımına məruz qalmış insanların müəyyən qədər dərdinin yüngülləşdirilməsi və digər məsələlərdir".
İctimai-siyasi məsələlər şöbəsinin müdiri: "Bir gün gələcək ki, beynəlxalq aləm erməni işğalçı qoşunlarının ərazilərimizdən çıxarılmasının və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının şahidi olacaq", - deyib.
Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası Xocalı faciəsini soyqırım aktı kimi tanıyıb və üzv dövlətləri 2013-cü ildə də "Xocalıya Ədalət" kampaniyasına dəstək verməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB