"Müxalifət partiyalarında çox ciddi böhran yaşanır"

Aydın Mirzəzadə: “Müxalifət partiya lideləri rahat otaqlarında əyləşərək, gəncləri qeyri-qanuni aksiyalara cəlb edir”
"Müxalifət partiyalarında çox ciddi böhran yaşanır"

Bu gün demək olar ki, dağıdıcı müxalifət düşərgəsində təmsil olunan partiyalar ciddi problemlər yaşayır. Bu problemlərin əsas məqsədi partiya rəhbərlərinin yarıtmaz fəaliyyəti, ictimai-siyasi prosesləri düzgün qiymətləndirmək bacarığının olmaması və özlərini gündəmdə saxlamaq üçün daha çox dağıdıcılıq və pozuculuğa meyl etməsidir. Elə bunun nəticəsidir ki, müxalifətin gənclər siyasəti də iflasa uğrayıb. Bunu SİA-ya açıqlamasında YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mizəzadə deyib.

Millət vəkili qeyd edib ki, tək Müsavat və AXCP deyil, müxalifət partiyalarının bir çoxu ciddi böhran içərisindədir. Çünki bu partiyaların problemlərinin həllinə dair aydın proqramı yoxdur. Bununla yanaşı partiya liderlərinin gəncləri partiya rəhbərliyinə buraxmaması tendensiyası var: "Müxalifət partiyalarının sivil, demokratik proseslərdən uzaq olması partiyalara çox ciddi problemlər yaradır. Təsadüfi deyil ki, bu gün onların regionlarda ərazi təşkilatları yoxa çıxıb və yaxud da tək insanlarla təmsil olunur. Onlar nizamnamə ilə keçirilməli olan qurultaylarını müxtəlif bəhanələrlə təxirə salmağa çalışırlar. Müsavat partiyası 2 il əvvəl qurultay keçirib, öz rəhbərliyini formalaşdırmalı idi. Ancaq yer məsələsini bəhanə gətirərək, faktiki olaraq qeyri-legitim partiyaya rəhbərlik edir. Sözsüz ki, partiya elektratı partiya rəhbərliyindən bu müddət ərzində hər hansı uğur əldə edə bilməməsinin səbəbi soruşacaq. Konkret Müsavat partiyasına gəldikdə isə qurultayın keçirilməməsinin səbəbi hal-hazırda rəhbər olan İsa Qəmbərin öz yerini nizamnamə ilə başqasına vermək istəməməsidir. İsa Qəmbər nə qurultay keçirmək istəyir, nə də başqanlıqdan getmək istəyir".

A.Mirzəzadə onu da qeyd edib ki, bunların hamısı ona gətirib çıxarır ki, bu gün müxalifət partiyaları həm cəmiyyət, həm də elektrat qarşısında qalxan bir çox suallara cavab vermək istəmir. Eyni zamanda müxalifət partiyaların bir problemi də gənclərdir. Bu gün demokratik düşüncəli gənclər müxalifət partiyalarına getmək istəmir. Çünki müxalifət partiya lideləri rahat otaqlarında əyləşərək, gəncləri qeyri-qanuni aksiyalara cəlb edir.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə