Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi münasibətilə hakim partiyanın rəhbərliyi Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə gül dəstələri qoyub. SİA-nın məlumatına görə, ziyarətçilər həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla yad ediblər. Ziyarətçilər arasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov, partiyanın icra katibinin müavini Siyavuş Novruzov, Milli Məclisin sədr müavinləri Ziyafət Əsgərov, Bahar Muradova, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digər partiya fəalları olub.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firəvan həyatının təmin edilməsi idi. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişib, ölkənin siyasi həyatında onun tutduğu mövqe möhkəmlənib, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB