“Yuvenal ədliyyə sisteminin inkişafı”

“Yuvenal ədliyyə sisteminin inkişafı”

Bu gün Milli Məclisdə "Yuvenal ədliyyə sisteminin inkişafı" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, tədbir Milli Məclis, UNİCEF və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə 20 noyabr Ümumdünya Uşaqlar Günü və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının qəbul olunmasının ildönümünə həsr olunub.

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yuvenal ədliyyə hökumətin və parlamentin diqqət yetirdiyi əsas məsələlərdən biridir və bu sistemin, qanunvericilik bazasının formalaşması istiqamətində lazımı iş görülür. Əlaqədar dövlət orqanları bu məsələyə həssaslıqla yanaşırlar.

Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanın BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulduqdan sonra gördüyü işlərdən danışaraq deyib ki, bu beynəlxalq sənədin müddəaları zaman-zaman milli qanunvericiliyimizin tərkib hissəsinə çevrilib: "Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, parlamentdə Avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur".

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova insan hüquqlarının müdafiəsinə dair mövcud proqram və layihələrin səmərəsindən və uşaq hüquqlarının müdafiəsinin gücləndirilməsinin bu sənədlərin tərkib hissəsi olduğunu bildirib.

BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsi Mark Herevard isə çıxışında əlavə edib ki, Azərbaycanda işləmək onun üçün çox xoşdur, çünki burada böyük inkişafın, potensialın şahidi oluruq, 2009-cu ildən başlayaraq yuvenal ədliyyə sisteminin formalaşması istiqamətində görülən işləri xüsusilə təqdirə layiqdir. Azərbaycanda həyata keçirilən hüquq islahatlarını, insan hüquqlarının müdafiəsinə dair qəbul olunan proqramları yüksək qiymətləndirən Mark Herevard vurğulayıb ki, biz, yuvenal ədliyyənin də bu islahatların tərkib hissəsinə çevriləcəyinə inanırıq.

ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay təmsil etdiyi qurumun bu istiqamətdə görülən işləri dəstəklədiyini bildirib.

Yuvenal Ədliyyə İslahatı və sosial müdafiə sistemindən danışan Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hazırda sağlamlığın qorunmasına dair qanunvericiliyin daha da təkmilləşdirilməsi istiqamətində ərzağın tərkibinin zənginləşdirilməsi, əlilliyin qarşısının alınması üçün 3 yaşınadək uşaqlar arasında tibbi xidmətin yaxşılaşdırılması ilə bağlı UNİCEF-lə iş aparıldığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə