Qüdrət Həsənquliyev: "Son hadisələr özünü milli qüvvə adlandıran bəzilərinin əsl simasını açdı"
"Bəlkə də Rüstəm İbrahimbəyov yaxşı ssenari müəllifi kimi, hansısa dövlətin məkrli ssenariləri barədə məlumatlıdır, ya da belə ssenarilərin hazırlandığını hiss edir. Mən xeyli öncə söyləmişdim ki, onu danışdıran özünün dediyi kimi vicdanının səsi yox, Moskvadakı vəzifəli dostlarıdır. Təəssüf ki, zaman mənim haqlı olduğumu sübuta yetirir". SİA-nın veridyi məlumata görə, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskvada bilirlər ki, Azərbaycanda Ukrayna və Gürcüstan ssenarisi keçərli deyil: "Ona gorə də 1993-cü il Gəncə qiyamını başqa formada təkrar edə bilərlər. Məsələn, Quba-Qusar, yaxud Balakən-Zaqatala zonasını nəzarətdən çıxarmaq və bu zaman Ibrahimbəyov kimilərdən Bakıda və digər rayonlarda dəstək almaq..."
BAXCP sədri son hadisələrin özünü milli quvvə adlandıran bəzilərinin əsl simasını açdığını söyləyib: "Onlar göstərdilər ki, nəinki milli deyillər, həm də hakimiyyətə gəlmək üçün lazımi qabiliyyətləri də yoxdur. Çünki Rusiyanın son məqsədinin nə olduğunu müəyyənləşdirmək hələ tezdir. Rusiya son gedişlərlə Azərbaycana öz gücünü göstərib güzəşt qoparmaq barədə düşünə bilər, eyni zamanda ABŞ-a imkan verər ki, Avropadakı müttəfiqlərini Rusiya faktoru ilə qorxutsun, onları hakimiyyəti kəskin tənqid etməkdən çəkindirsin. Təsadüfi deyil ki, Rusiyada Azərbaycan Təşkilatları İttifaqının yaranmasından dərhal sonra ABŞ səfiri İlham Əliyevin yenidən seçilməsində heç bir problem olmadığını söylədi. Ona görə də ABŞ-la Rusiyanın Azərbaycanla bağlı iş birliyində olması istisna olunmamalıdır. Rusiya başa düşür ki, indiki Azərbaycan 1993-cü ildəki Azərbaycan deyil. Bunu hakimiyyət üçün ağzı sulananlar da başa düşməlidir".
RATİ-də təmsil olunan milyarder azərbaycanlıların ölkədə siyasi böhran yarada biləcəyi ehtimalı ilə bağlı sualı cavablandıran Qüdrət Həsənquliyev qeyd edib ki, buna inanmır: "Mən "APA"- ya və "Yeni Müsavat" qəzetinə verdiyim müsahibələrdə söyləmişdim ki, ("inanmiram ki, o şəxslər onlardan öz tarixi vətənlərinə qarşı kimlərinsə istifadə etməsinə imkan versinlər"). O insanlar ağıllı insanlardır və Azərbaycanda siyasi nüfuzlarının hansı həddə olduqlarını yaxşı bilirlər. Onlar siyasətə baş vursalar bəlli olacaq ki, onları bu işə Kreml zorla qoşur. Bütün hallarda həmin şəxslər öz istəkləri ilə və ürəkdən Azərbaycana qarşı fəaliyyətdə rol almayacaqlar. Bu isə həmin ssenarinin iflasa uğrayacağını bəri başdan şərtləndirir".
Hazırda ölkədə güclü mərkəzləşmiş hakimiyyətin olduğunu deyən BAXCP sədri bildirib ki, müxalifət dağınıq vəziyyətdədir: "Radikal qanad isə Rusiyanın əli ilə hakimiyyətə gəlmək istəyini büruzə verməklə özünü Qərbin gözündən daha da salıb və yəqin ki, Timoşenkonun aqibətini yaşayacaq. O da zamanında Rusiyanın oyunlarına getdi və iflasa uğradı. Növbəti seçkilərə qədər, daha öncə söylədiyim kimi, ciddi islahatlar gözləməyə dəyməz. Seçkilərdən sonra isə islahatların aparılması qaçılmaz görünür. Qarşıdakı illərdə neftin qiymətinin aşağı düşəcəyi şübhəsizdir. ABŞ özünün neft yataqlarını istismar etməyə başlayır. Bu və Körfəz ölkələrində baş verənlər neftin qiymətini aşağı salacaq. İqtisadiyyatı tamamilə neftdən asılı olan ölkənin islahatlar aparmaqdan başqa yolu qalmayacaq. Dəyişən və demokratikləşən dünya bizi də dəyişməyə və demokratikləşməyə məcbur edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB