Müxalifətin uğursuz gənclər siyasəti

Müxalifətin uğursuz gənclər siyasəti

Zöhrab Abdullayev: "Gənclərin icazəsiz aksiyalarda iştirak etməsi heç də yaxşı hal deyil"

Şəhərin mərkəzi küçə və meydanlarında qanunsuz aksiyalar keçirən müxalifət qarşısına qoyduğu məqsədlərə çata bilməyib. Hər dəfə uğursuz aksiyalar keçirməklə insanları özünə güldürən müxalifət təmsilçiləri yenidən icazəsiz aksiyalar keçirmək istəyinə düşüb. Müxalifəti təmsil edən qüvvələr özlərinin çirkin niyyətlərini həyata keçirmək üçün daha çox yeniyetmələrdən bir vasitə kimi istifadə edir.

Məsələyə münasibət bildirən BAXCP-nin sədr müavini Zöhrab Abdullayev bildirib ki, bu dəfə də müxalifətin icazəsiz aksiyalar keçirməsi heç də müsbət hal deyil. Bir sözlə, onlar tərəfindən keçirilən bu aksiyalarda kütləvi axın olması gözlənilən deyil.

"Nəyə görə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən müxalifət qüvvələrinə icazəli aksiyaların keçirilməsi üçün təyin olunmuş "20-ci sahədə" mitinq keçirmək istəmir" sualına münasibət bildirən sədr müavini vurğulayıb ki, müxalifətin fikirincə, icazəli aksiyaların keçirilməsi üçün onlara verilən yerlər uzaq olduğuna görə həmin yerlərdə aksiyalar keçirmirlər. Demək olar ki, müxalifətçilər daha çox diqqəti özlərinə cəlb etməkdən ötrü şəhərdə əhalinin sıx olduğu yerlərdə icazəsiz aksiyalar keçirməyi üstünlük verir. Ona görə də, müxalifət qüvvələri üçün mərkəzi yerlərdə aksiyalar keçirmək daha asan olur.

Müxalifət düşərgəsini təmsil edən qüvvələrin icazəsiz aksiyalar zamanı gənclərdən istifadə etməsi məsələsinə münasibət bildirən Z.Abdullayev qeyd edib ki, bu gün həm müxalifətin, həm iqtidarın, həm də bitərəf olan gənclər var. Ümumiyyətlə, hər hansı bir iş görmək üçün gəncləri cəlb etmək daha asan olur. Ona görə də, müxalifətçilər yeniyetmələri özlərinə cəlb etməyə çalışır. Bir sözlə, gənclərin müxalifətin icazəsiz aksiyalarında iştirak etməsi heç də yaxşı hal deyil. Yaxşı olardı ki, gənclər daha çox elm və təhsilə üstünlük versin.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə