Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Səbail rayon təşkilatı "Xəzər dənizçiliyi" ərazi ilk təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə bağlı Səbail rayon təşkilatı "Xəzər dənizçiliyi" ərazi ilk təşkilatında tədbir keçirilib. Tədbiri "Xəzər dənizçiliyi" ərazi ilk təşkilatının sədri İzafət Məmmədov açaraq partiyanın yaranma tarixindən, inkişafından bəhs edərək Yeni Azərbaycan Partiyasının 20 il ərzində şərəfli yol keçdiyini vurğulayıb: "Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb, davamlı inkişaf yolu keçib. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir. Bu gün hər bir partiya üzvü fəxr etməlidir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür. Çünki bu partiyanın gördüyü işlər böyükdür".

Yubiley mərasimində çıxış edən Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəisi Aydın Bəşirov Yeni Azərbaycan Partiyasının keçdiyi keşməkeşli yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: "Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. 20 il əvvəl - 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə partiyanın təsis konfransı keçirildi. O vaxtkı AXC-Müsavat hakimiyyətinin bütün maneçilik cəhdlərinə baxmayaraq, yaradılan YAP qısa müddət ərzində hakimiyyətə gəldi. Təbii ki, bu hadisə görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin xalq arasında böyük nüfuzu sayəsində baş verdi. Partiyanın ideyalarına sadiq insanlar, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, ziyalılar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".

Aydın Bəşirov onu da vurğulayıb ki, hazırda ölkədə YAP-la rəqabət aparmağa qadir olan heç bir siyasi qüvvə yoxdur: "Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ən böyük siyasi təşkilatdır. Azərbaycanın müasirləşməsi, yeniləşməsi istiqamətində həyata keçirilən siyasətdə YAP-ın özünəməxsus rolu var. Sıralarını günbəgün genişləndirən, alternativsiz siyasi qüvvəyə çevrilən YAP qarşıda duran vəzifələrin həlli istiqamətində də fəaliyyətini davam etdirir. Bir sözlə, partiyanın qurucusu Heydər Əliyevin dediyi kimi, "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır".

Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəisi onu da bildirib ki, ölkə Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı: "Bu gün Ulu Öndərimizin yolunu ləyaqətlə davam etdirən ölkə Prezidenti bütün fəaliyyəti Azərbaycanın tərəqqisinə, ölkədə demokratik dəyərlərin qorunmasına və inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, ölkəmizin qüdrətli dövlətlər sırasına çıxarılmasına yönəlmişdir. Ölkə rəhbərimiz Azərbaycanın inkişafı üçün bütün qüvvələrin, hər bir vətəndaşın səfərbər olması naminə olduqca səmərəli işlər görməkdədir".

Aydın Bəşirov Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli beynəlmiləl kollektivinin dövlət başçısı İlham Əliyevin tərəqqi və inkişaf kursunu tam dəstəklədiyini söyləyib: "Çünki dənizçilər həmişə Ümummilli Liderimizin qayğısını daima hiss ediblər. Hamıya yaxşı məlumdur ki, 90-cı illərin əvvəllərində, Azərbaycanın Xəzərdəki mövqelərini zəiflətmək məqsədilə, müəyyən qüvvələr gəmiçiliyi parçalamağa cəhd göstərirdilər. O vaxt məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti respublika üçün strateji əhəmiyyət daşıyan dəniz nəqliyyatını qoruyub saxlamağa imkan verdi. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2004-cü ildən bəri gəmiçilik nə qədər yeni gəmi alıb. Bu müddətdə 10 ədəd iritonnajlı tankerin, bir quru yük gəmisinin, 4 gəmi-bərənin istismara verilib. Xorvatiyanın "Ulyanik" tərsanəsində son 10 ayda tikilmiş daha 2 bərənin doğma limana - Bakıya gətirilməsi isə 2012-ci ilin nailiyyətlərindəndir. Biz bütün bunlara görə məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq".

Yubiley mərasimində "Professor Əziz Əliyev" gəmisinin kapitanı Faiq Məmmədov, gəmiçiliyin gənclərlə iş üzrə şöbəsinin müdiri Ülviyyə Quliyeva, gəmiçiliyini üzüçü heyət həmkarlar ittifaqı komitəsinin sədri Böyükağa Quliyev, Azərbaycan Dövlət Dəniz Akademiyası kitabxanasının müdiri Firəngiz Rzayeva, gəmiçiliyini MKTİ rəisi İlqar Orucov, İlham Allahverdiyev adına gəmi təmiri və gəmiqayırma zavodunun şöbə rəisi Məhəbbət Muradov müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövləti qorumaq və möhkəmləndirmək üçün siyasi partiyanın vacibliyini vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əminamanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Bildirilib ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə