Millət vəkillərinin bitib tükənmək bilməyən istəkləri...

Millət vəkillərinin bitib tükənmək bilməyən istəkləri...

"Deputatların bir qrupu xaricə ezamiyyətə getməkdən beziblər. Ancaq başqa bir qrup var ki, onlar heç vaxt səfərlərə getmir. Həmin deputatların da müvafiq qruplara salınmasına ehtiyac var ki, səfərlərə gedə bilsinlər". SİA-nın məlumatına görə, bunu Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, deputatlar üçün nəzərdə tutulan ezamiyyət xərcləri artırılmalıdır.

MM-in Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov H. Rəcəblinin dediklərini dəstəkləyib. O, yanacaq və sürtgü materialları üçün nəzərdə tutulan xərclərin artırılmasını vacib sayıb.

Aydın Mirzəzadə xatırladıb ki, MM-də 70-dən artıq dostluq qrupu var: "Onların bir çoxu aktivdir. Amma elə dostluq qrupları var ki, müvafiq parlamentlə lazımi əlaqə yaratmayıb".

Etibar Hüseynov MM-də internetin zəif olmasından şikayətlənib: "Bir çox qəzetlərin saytına məhdudiyyət qoyulub. Hansı ki həmin qəzetlər parlamentin foyesində satılır. Yotube, həmçinin bəzi sosial şəbəkələr bağlıdır".

MM sədrinin I müavini Ziyafət Əsgərov isə deyib ki, hansısa saytın məhdudlaşdırılmasından söhbət gedə bilməz: "Qalan məsələlər isə həll olunar".

Millət vəkili Elmira Axundova deyib ki, deputatlar xaricdə əməliyyat edilən zaman pulun bir hissəsini parlamentin ödəməsi məqsədəuyğun olardı. O, eyni zamanda deputatlara idman zallarında şərait yaradılmasını istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə