"Mənzil Məcəlləsinin qəbulundan 2 ildən artıq vaxt keçir, bəs sosial mənzil fondları hardadır?" SİA-nın məlumatına görə, bunu bu gün Parlamentdəki çıxışı zamanı millət vəkili Qənirə Paşayeva deyib.
Millət vəkili Qənirə Paşayeva Milli Məclis tərəfindən 2 ildən artıqdır ki, Mənzil Məcəlləsinin qəbul edilməsinə baxmayaraq, orada nəzərdə tutulan sosial mənzil fondunun hələ də yaradılmadığını deyib. Millət vəkilinin sözlərinə görə, Mənzil Məcəlləsində sosial evlərin tikilməsi nəzərdə tutulub, ancaq indiyə qədər bu istiqamətdə addım atılmayıb.
Bu gün minlərlə ailənin mənzil problemindən əziyyət çəkdiyini qeyd edən millət vəkili Mənzil Məcəlləsi ilə nəzərdə tutulan sosial mənzil fondunun yaradılmasının bu problemin aradan qalxmasına öz müsbət təsirini verə biləcəyini deyib: "Hökumət üzvlərinin bu məsələyə aydınlıq gətirməsini istəyirəm. 2013-cü ildə sosial mənzil fondun yaradılması nəzərdə tutulubmu? Nəzərə almalıyıq ki, yüzlərlə ailədə məhz mənzil problemi, ev problemi üzündən ciddi narazılıqlar, gərginliklər, problemlər yaranır. Biz bu ailələrin problemlərinə biganə qala bilmərik. Bunun üçün ölkəmizin kifayət qədər imkanları da var".
Millət vəkili Qənirə Paşayeva yaxın zamanlarda bu məsələnin öz həllini tapacağına ümid etdiyini vurğulayıb.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB