Çeçenistan prezidentinin Azərbaycana təklifi

Çeçenistan prezidentinin Azərbaycana təklifi

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov bu gün Milli Məclisə gəlib. SİA-nın məlumatına görə, Çeçenistanın başçısını Milli Məclisin sədri Oqtay Əsədov qarşılayıb. Ramzan Kadırov parlamentin inzibati binası, iclas zalı ilə tanış olub. Sonra qonaq Milli Məclisdəki Heydər Əliyev Xatirə zalına gələrək, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə səfərlərini, eləcə də Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşləri əks etdirən foto, video və digər materiallara baxıb.

Daha sonra Milli Məclisin sədri Oqtay Əsədov ilə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov arasında görüş olub.

Oqtay Əsədov deyib ki, Azərbaycan və çeçen xalqları arasındakı dostluq münasibətlərinin qədim tarixi var: "Dövlətlərimiz arasında da geniş əlaqələr mövcuddur. İnanırıq ki, sizin bu səfəriniz əlaqələrimizin daha da genişlənməsinə və yeni müstəvidə inkişaf etməsinə təkan verəcək".

Milli Məclisin sədri Azərbaycanın sürətli inkişafı, regiondakı lider mövqeyi və dünyada getdikcə artan nüfuzu barədə qonağa ətraflı məlumat verib, Azərbaycan ilə Çeçenistan arasında, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Sədr onu da əlavə edib ki, Azərbaycan daha çox inkişaf edə bilərdi: "Lakin Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və bunun nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi bu inkişafa ciddi maneə yaradır. Azərbaycan xalqı və dövləti bu problemin dövlətlərin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdardır".

Oqtay Əsədov bu münaqişə ilə bağlı nümayiş etdirdiyi mövqeyə və Azərbaycanın haqq səsini, ərazi bütövlüyünü müdafiə etdiyinə görə, Çeçenistan tərəfinə minnətdarlıq edib.

R.Kadırov Azərbaycanın sürətli inkişafının göz önündə olduğunu bildirib: "Bakının siması günbəgün dəyişir. Bu da ölkənin iqtisadi inkişafının göstəricisidir".

Çeçenistanın da inkişaf yoluna qədəm qoyduğunu deyən Kadırov bildirib ki, indi Çeçenistdanda yaxşı investisiya mühiti formalaşır: "Azərbaycanın iş adamları Çeçenistan iqtisadiyyatına sərmayə yatıra bilərlər və bu hər iki tərəfin xeyirinə olacaq".

Sonra görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, Azərbaycanın və Çeçenistanın regionları arasında münasibətlərin genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə