Hakim partiya problemlə üzləşə bilər

Hakim partiya problemlə üzləşə bilər

"Siyasi partiyada üzvlüyə məcbur edənlər azadlıqdan məhrum ola bilərlər". SİA-nın məlumatına görə, bu məsələ, Milli Məclisin Hüquq Siyasəti və Dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan Cinayət məcəlləsinə əlavədə öz əksini tapıb.

Məcəlləyə edilən əlavə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinə əlavə olunan 169.1 maddəsində siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etməyə görə ya 1000 manatdan 3000 manatadək cərimə, ya iki ilədək müddətə islah işləri, ya da iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması öz əksini tapıb.

Qanuna təklif olunan əlavəyə münasibət bildirən deputat Qüdrət Həsənquliyev öz narazılığını bildirib. O deyib ki, sabah hansısa "üzdən iraq" şəxs partiya sədrinin üzünə dura bilər ki, onu zorla həmin partiyaya üzv qəbul etdirib: "Gələcəkdə bu problemlə hakim partiya da üzləşə bilər".

Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə