"Hərbi and"-ın10 yaşı qeyd olundu

"Hərbi and"-ın10 yaşı qeyd olundu

Bu gün Beynəlxalq Mətbuat mərkəzində (BMM) "Hərbi and" qəzetinin 10 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, tədbirdə Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri Emin Həsənli, Keçmiş müdafiə naziri Dadaş Rzayev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və digər qonaqlar iştirak ediblər. TOHGMİB-nın sədri Emin Həsənli çıxış edərək bildirib ki, on il əvvəl, noyabr ayının 15-də səhifələri oxucuların üzünə açılan "Hərbi and" qəzeti mühüm bir missiyanı öz üzərinə götürüb. İlk müstəqil hərbi mətbuat nümunəsi kimi bu qəzetin ən böyük missiyası vətənpərvərlik tərbiyəsidir: "Gənclərin vətənə məhəbbət, düşmənə nifrət hissi ruhunda tərbiyə edilməsi, keşməkeşlərlə dolu şərəfli tariximizin, ömürləri səngərlərdə keçən igidlərin, Mübariz əsgər və zabitlərimizin qəhrəmanlıqlarının təbliği bu qəzetin əsas amalı olub. Bir oxucu kimi qeyd etmək istəyirəm ki, 10 ildir ki, bu qəzetin hər bir informasiyasında vətənpərvərliyi təbliğ etmək, gənc vətənpərvər yetişdirmək missiyası açıq-aydın görünür, dönə-dönə təsdiqlənir. Bu qəzet ümumilli lider Heydər Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi amalının özünün fəaliyyətində əsas prinsip kimi seçib. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təsis etdiyi "Hərbi and" qəzeti gündəmi vətənpərvərlik ruhunda əks etdirdiyi kimi, vətənpərvərlik tariximizi də daim müasir dövrün gündəminə gətirib".

Daha sonra Keçmiş müdafiə naziri Dadaş Rzayev söz alaraq adı çəkilən qəzetin əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, ötən 10 il ərzində özünün rəqabət imkanlarını artıran, onlayn rejimdə saytı (herbiand.az) fəaliyyət göstərən "Hərbi and" qəzetinin ən böyük missiyasından biri Azərbaycan Silahlı Qüvvələrinin təbliğidir: "Ordunun təbliği vətənpərvərlik tərbiyəsinin ən mühüm elementlərindən biridir. Müstəqil mətbuatı orqanının bu missiyanı öz üzərinə götürməsi, Azərbaycanın vətənpərvərlik simvolu olan ordunun təbliği ilə məşğul olması cəmiyyətdə kifayət qədər maraqla qarşılanmışdı. İnsanlarımız gördü ki, müstəqil mətbuat orqanı ordunun təbliği ilə məşğul olur, vətənpərvərlik ideyalarını, vətənpərvər oğul və qızlarımızı cəmiyyətimizə, gənclərimizə tanıdır. Bu işin ardıcıl surətdə, sistemli, məqsədyönlü şəkildə davam etməsi "Hərbi and"ın vətənpərvər mövqeyini cəmiyyətdə daha möhkəmləndirib".

Daha sonra Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov və digər qonaqlar çıxış edərək "Hərbi and" qəzetinin Azərbaycan-Türkiyə dostluğunun, hərbi inkişafına verdiyi mənəvi dəstəkdən söhbət açıblar.

Sonda isə qəzetin ildönümü münasibətilə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin təbrikləri çatdırılıb və işlərində fərqlənən bir qrup şəxsə fəxri fərman və mükafatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə