"Gəldik, gördük, yazdıq" layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan türk dövlətlərindən və toplumlarından gəlmiş 17 jurnalist, yazar Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı Əkbər Qoşalının müşayiəti ilə öncə Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Əlibəyli və Hacalı kəndinə baş çəkiblər. Burada qonaqlar Ermənistan tərəfindən iri çaplı silahlarla vurulmuş məktəblə, evlərlə tanış olublar, ermənilərin snayperlərlə hədəfə alaraq yaralıdıqları kənd sakinləri ilə görüşüblər, kənd sakinləri ilə söhbət aparıblar.
Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı Əkbər Qoşalının SİA-ya verdiyi məlumata görə, burada əsas məqsəd ondan ibarət idi ki, qonaqlar həmin hadisələrin necə baş verdiyini məhz öz gözləri ilə görsünlər və buna öz qiymətlərini versinlər: "Biz onlara internet və digər vasitələrlə müxtəlif vəsait göndərərək həmin insanlarda virtual olaraq nəyisə əxz etdirməyə çalışdıq. Biz 6 noyabr 2012-ci il tarixində Bakıda keçirdiyimiz "Qarabağ türk dünyasının ortaq problemi" konfransından sonra bölgələrə çıxdıq və ilk öncə Tovuzda olduq. Demək olar ki, yaşayışı belə çətin olan sərhədə bitişik kəndlərdə insanların həyat şəraiti çox acınacaqlı idi. Güllədən dəlik- deşik olmuş evlər,məktəblər, şikəst və əlil olmuş insanların mübarizə dolu baxışları türkiyəli qonaqların diqqətinə səbəb oldu. Daha sonra biz Qurban bayramı öncəsi minaya düşən 25 yaşlı bir gəncin ölümü ilə əlaqədar olaraq onun ailəsində yetim qalmış uşaqlarına baş çəkdik. Həmin ailənin üzvlərini bir-bir dinlədik. Eləcə də ötən il biz 9 yaşlı Fariz Bədəlovun ailəsinə baş çəkdik və qəbrini ziyarət etdik. Sonralar isə qonaqlarla bərabar Ağdamın və Tərtərin müvafiq kəndlərində görüşlər keçirildi. Onlar bizim ərazilərin bərpası üzrə agentliyin tikdiyi istinad divarlarına baxdılar və bu onlarda böyük maraq doğurdu. Yerli icmanın nümayəndələri isə onlara bu istinad divarlarının nəyə görə tikildiyi haqda məlumat veriblər. Kənd sakinləri bildiriblər ki, xüsusilə bayram günlərində Ermənistan atəşkəsi pozaraq sivil insanların bayramını pozmaq, öz əkin sahələrində, həyətlərində işləyən insanları snayperlərlə hədəfə alaraq onlara əziyyət etmələrində, kəndə gələn suyu buraxmamaqda Əlibəyli kənd sakinlərinin bezərək buradan çıxıb getməsini istəyirlər ki, buna heç zaman nail ola bilməyəcəklər. Nəinki çıxıb getmək, kənd sakinləri yeni evlər tikərək düşmənə arzularının gözlərində qalacağı mesajını verirlər.
Ə.Qoşalı türkiyəli qonaqların ümumiləşmiş fikirlərini belə izah etdi: "Yahu biz sizin qardaş ölkələrinizik, qardaş toplumun nümayəndələriyik, ancaq biz məlumatları Moskva üzərindən və başqa beynəlxalq xəbər agentlikləri üzərindən əldə edirik". Sanki burda başqa ab-hava görsənməkdədir".
Dünya Gənc Türk Yazarlar Birliyinin Başqanı bildirib ki, bütün bu deyilənlər ümumilikdə Makedoniyadan, Rumuniyada, Bolqarıstandan, Mərkəzi Asiya türk cümhuriyyətlərindən, Rusiya və Ukraynadan olan türk toplumlarının nümayəndələrinin sözləridir: "Artıq onların yanında Azərbaycanın əleyhinə danışmaq, ölkənin real həqiqətlərini danmaq çox çətindir. Bu işin qazancı isə əslində budur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB