Biz Ermənistan prezidenti Serj Sarkisyanın qorxu və həyacan dolu bəyanatının daimi olaraq şahidi olduq. Hesab edirəm ki, bu Azərbaycanın bütün sahələrdə, o cümlədən hərbi sahədə güclənməsindən xəbər verir. Bunu SİA-ya Millət vəkili Aydın Mirzəzadə deyib. Deputatın sözlərinə görə, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlayır. Və belə olan təqdirdə, Ermənistan bu torpaqların işğaldan azad edilməsində Azərbaycanın hərbi yola əl atmasının mümkünlüyünü diqqətdə saxlamalıdır: "Həmin dövlət birmənalı şəkildə bilməlidir ki, Azərbaycan dövləti öz ərazilərini düşmən ölkəsinə güzəştə getmək fikrində deyil. Artıq Ermənistanın paytaxtı İrəvanda işğal edilmiş torpaqları öz ərazisi kimi göstərən xəritələr belə çap edilib. Qondarma dövlət dərk etməlidir ki, rəsmi Bakı həm danışıqlar həm də hərb yolunu daima gündəlikdə saxlayır. Ermənistan Azərbaycanın bütün sahələr üzrə təzyiqini öz üzərində hiss edir. Hesab edirəm ki, adıçəkilən dövlətin ölkəmizə hədə-qorxu gəlməsi isə sadəcə özünün qorxusunu gizlətməkdən başqa bir şey deyil".
A.Mirzəzadə hesab edir ki, Ermənistanın bu gün heç bir sahədə Azərbaycana güc gələcək hərbi potensialı və resursları yoxdur: "Hərbi sahəsi, dövləti, siyasəti zəif olan düşmən dövlətinin bu mənada hər hansı bir təpkisi qeyri-real görünür. Azərbaycan Silahlı Qüvvələrinin əlində olan imkanlar Ermənistana qısa bir zamanda laiqli cavab verməsinə səbəb olacaq. Bu dövlətin hələ də imkanı var ki, sülh variantından istifadə edərək problemin asanlıqla həllinə nail olsun. Əgər müharibə variantı qaçılmaz olarsa Ermənistanın bu məsələdə Azərbaycan tərəfi ilə danışıqlarına imkan verilməyəcək və beləcə, Azərbaycanı heç bir şey qorxutmayacaq. Dövlətimiz apardığı uğurlu siyasət nəticəsində torpaqlarımızı düşməndən azad etməyə hər an hazırdır. Onların bir müddət əvvəl Xankəndi hava limanının işə salınması istiqamətində apardıqları təbliğat kampaniyası sonda puç oldu. Bu gün Ermənistan ordusunda acınacaqlı bir vəziyyət yaşanır. Erməni ailələri öz övladlarını hərbə yola salmaqdan çəkinirlər. Bunun üçün də müxtəlif vasitələrə, yollara əl atırlar".
Deputat həmçinin ABŞ-dakı seçkilər zamanı erməni diasporunun iflası məsələsinə də aydınlıq gətirib: "İldən-ilə Amerika (ABŞ) ictimaiyyəti erməni diaspor təşkilatlarının qeyri-sağlam siyasətinin fərqinə varır. Bununla Azərbaycan diaspor təşkilatlarının və hökumətinin də xarici ölkələrdə apardığı siyasətin təsiri özünü göstərir. Bu gün birmənalı şəkildə demək olar ki, Ermənistan təbliğat maşını artıq əvvəlki kimi işləmir və ölkəmizin apardığı siyasət Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında müstəsna rola malikdir. Bu gün ABŞ senatında və konqresinin dostluq qrupunda xeyli sayda insanlar var və bu qrupa daxil olan konqresmenlərin sayı durmadan artır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB