Siyavuş Novruzov: "Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir"

Siyavuş Novruzov: "Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir"

"Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin 2013-cü ildə keçiriləcək prezident seçkisi ilə bağlı mövqeyi məlumdur". SİA-nın məlumatına görə, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov jurnalistlərə açıqlamasında belə deyib. O, bildirib ki, YAP 2013-cü ildə partiyanın 600 min üzvünün və xalqın istəyinə uyğun olaraq YAP sədri, hazırkı prezident İlham Əliyevin namizədliyini irəli sürəcək: "Cənab prezidentin də partiyanın bu fikri ilə bağlı qərarı olacaq. Hələ bunun üçün zaman var. Amma prezidentin mövqeyi də məlumdur".

İcra katibinin müavini vurğulayıb ki, YAP hakimiyyətin idarə olunmasında tam şəkildə iştirak edir və partiyanın sədri ölkənin prezidentidir. Partiyanın bir çox funksionerləri isə ayrı-ayrı sahələrə rəhbərlik edirlər: "Partiya sədri ilə təmaslar tam qaydasındadır. Sədr İlham Əliyev partiyanın gündəlik işində iştirak edir, öz tapşırıqlarını verir. Biz partiyanın gündəlik işini reklam etməyəcəyik ki!"

Rusiya Azərbaycanlıları Təşkilatı İttifaqının yaradılması ilə bağlı sualı da cavablandıran Siyavuş Novruzov Azərbaycan hökumətinin məsələ ilə bağlı heç bir narazılıq ifadə etmədiyini dilə gətirib: "Kim Rusiyada nə yaratmaq istəyir, öz işidir. Yəni Azərbaycandan kənarda kim hansı təşkilatı yaradırsa, özü bilər. İttifaqı yaradanlar siyasətdən tamamilə kənar olan şəxslərdir. Çox adam təşkilat yarada bilər. O İttifaqın yaradıcısı adlandırılan şəxslərin hərəsi öz biznesi ilə məşğuldur".

Milət vəkili bəzi iddialara cavab olaraq vurğulayıb ki, Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır: "Azərbaycan daxilində xalq kimi seçirsə, ölkəyə o rəhbərlik edir".

Bütün xəbərlər Facebook səhifəmizdə