Bu gün "Azərbaycanda İslam: Mövcud reallıqlar və ictimai rəy" mövzusunda aparılmış sosioloji sorğunun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirin iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Strateji Araşdırmalar Mərkəzi idi. Sosioloji sorğunu həyata keçirən Dini Araşdırmalar mərkəzinin sədri Elçin Əsgərov tədbiri giriş nitqi ilə açaraq bildirib ki, əsas məqsəd Azərbaycan cəmiyyətində bu sahədə olan hərtərəfli və etibarlı sosial informasiyanın toplanması, müasir dindar cəmiyyətin dinamika və tendensiyalarının izlənilməsi, kütləvi dini şüurun əsas parametrlərinin müəyyən edilməsi, dini sahəyə təsir göstərən bütün faktorların aşkarlanması, eyni zamanda İslamın fərdi və ictimai həyatda yerinin dəyərləndirilməsidir.
"Azərbaycanda İslam": ictimai reallıqlar və gözləntilər" adlı paneldə Prezident yanında SAM-ın direktoru Fərhad Məmmədov "Azərbaycanda dini durumun öyrənilməsi zərurəti və sosioloji tədqiqatın əsas xüsusiyyətləri" mövzusunda çıxış edərək qeyd edib ki, bu məsələnin aktuallığı ondan ibarətdir ki, cəmiyyətin həyatında dini sahədə müstəqillik illərində əhəmiyyətli dəyişikliklər baş verib: "Əhali arasında dini dünyagörüşü sürətlə yayılmaqdadır: "Ölkədə yeni məscidlər tikilir və ya bərpa edilir. Hazırda Azərbaycanda bir neçə fəaliyyət göstərən pravoslav kilsəsi, sinaqoq və s. kimi dini məbədlər var. Ölkədə tədricən dini təhsil sistemi formalaşıb. Bütün bunlarla yanaşı, onu da demək lazımdır ki, hazırda ölkədəki dini vəziyyətin təhlili baxımından hər hansı dəqiq və sosioempirik tədqiqatın olmadığı müşahidə edilir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə "Azərbaycanda Dövlət və din münasibətləri: mövcud reallıqlar və ictimai gözləntilər" mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan öz müstəqilliyini, istiqlaliyyətini əldə etdikdən sonra, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməyə başlanılıb: "Ölkəmizdə mövcud olan tolerant mühit və dinlərarası münasibətlər imkan verir ki, İslam dini ilə yanaşı digər dinlərin nümayəndələri də azad şəkiləd fəaliyyət göstərə bilsinlər. Dövlət komitəsi olaraq bu sahədə bir sıra addımlar atılıb. Bu isə bir daha sübut edir ki, ölkəmizdə dövlət və din münasibətləri yüksələn xəttlə inkişaf edir".
Tədbirin sonunda isə SAM-ın elmi işçisi Sahib Cəfərovun "Azərbaycanda İslam" sosioloji tədqiqatının təqdimatı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB