Azərbaycan Respublikasının Dövlət büdcəsi 3 milyard ABŞ dolları məbləğində artaraq 25 milyard ABŞ dolları təşkil edib. Bu rekord bir göstəricidir. Bunu SİA-ya millət vəkili Aydın Mirzəzadə bildirib.
Onun sözlərinə görə, bu artım bütün sahələri əhatə edir: "Azərbaycanın qarşıya qoyduğu ən ciddi məsələlərdən biri gələn il üçün ölkənin xarici borclarının azaldılmasıdır. Azərbaycanın 2 milyard ABŞ dolları məbləğində xarici borcu vardır ki, bu borcunda 700 min ABŞ dolları məbləğində azadılması əsas məsələ kimi qarşıda durur. Xarici borclardan tamamilə imtina etmək qeyri-mümkün bir məsələdir. İkinci məsələ isə budur ki, Azərbaycan hökumətinin qərarı ilə əhalinin keçmiş sovet banklarındakı əmanətlərinin qaytarılması prosesi başlayıb. Gələn il üçün bu prosesinin başa çatdırılması üçün 700 milyona qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bu da şübhəsiz ki, vətəndaşlarımız üçün böyük bir dəstək olacaq".
A.Mirzəzadə bildirib ki, buna baxmayaraq hərbi sahədə faiz nisbəti ilə azalma müşahidə olunur: "Əgər ötənilki büdcədə hərbi xərclər 8,3 faiz təşkil edirsə, bu il həmin məbləğ 8,1 faizdir. Ancaq buna baxmayaraq hərbi xərclərdə rəqəm hesabı ilə artım vardır. Bu il ümumilikdə götürdükdə hərbi sahəyə xərclər 3,2 milyard dollar təşkil edəcək. Bu da Ermənistanın dövlət büdcəsindən 1,5 dəfə böyükdür. Artım eyni zamanda təhsildə, səhiyyədə, vətəndaşların pensiya artırılması istiqamətində də nəzərdə tutulub. Bununla belə ayrı-ayrı sahələr üzrə kommunikasiyaların yenilənməsi, magistral yolların, dəmiryol xəttinin, hava uçuşlarının həyata keçirilməsi üçün texniki şəraitin yaxşılaşdırılması da bu sıradandır. Bütün bunlar gələn il Azərbaycanda sosial-iqtisadi inkişafın stimullaşdırılmasına kifayət qədər yardımçı olacaq. Büdcədə maraqlı məqamlardan biri ondan ibarətdir ki, gələn il üçün bəzi şəhər və rayonlarımıza dövlət tərəfindən verilən dotasiyaya artıq son qoyulmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB