Hesab edirəm ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ilə bağlı dövlətimiz tərəfindən ardıcıl və məqsədyönlü addımlar atılır. Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Baş redaktorun sözlərinə görə, "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda əsas məqsəd söz və mətbuat azadlığının təmin olunmasında jurnalistlərin rolunun qiymətləndirilməsi, eyni zamanda ictimai tədbirlər zamanı hüquq-mühafizə orqanları ilə jurnalistlər arasındakı münasibətlərin beynəlxalq təcrübədə tətbiq olunan qaydada tənzimlənməsi ilə əlaqədardır.
"Biz zaman-zaman müşahidə edirik ki, ayrı-ayrı mətbuat orqanları və yaxud jurnalistlər bu proseslərdə hansısa ictimai narazılığı ifadə edən və yaxud buna bənzər hadisələrdə həm iştirakçı, həm jurnalist, həm də şərhçi olmağa çalışırlar. Bu da nə jurnalist etikası, nə də jurnalist kodeksi ilə uyğun gəlmir. Biz hər birimiz cəmiyyətin üzvü, peşə sahibi kimi gün ərzində ən müxtəlif sosial statuslarda oluruq. Hər hansı bir tədbirdə biz həm jurnalist, həm də iştirakçı ola bilmərik. Biz bilirik ki, Avropa artıq bu kimi mərhələləri keçib və bir sıra hallarda bənzər problemlər orada da yaşanmaqdadır. İnanıram ki, bu problemlərin aradan qaldırılması üçün istər maarifləndirmə, hüquqlarının öyrənilməsi baxımından, istərsə də təcrübənin öyrənilməsi baxımından bu tədbir əhəmiyyətli idi", - deyə H.Babaoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB