Prezident Kanadanın yeni səfirini qəbul edib

Prezident Kanadanın yeni səfirini qəbul edib

Dövlət başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb

Azərbaycan prezidenti İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Holmsun etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir Con Holms etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Con Holms ölkəmizdə böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Səfir ölkələrimiz arasında əməkdaşlığın aviasiya sənayesi, təhsil, internet idarəçiliyi, tikinti və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyib. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə edib.

Dövlət başçısı Azərbaycanla Kanada arasında əlaqələrin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb, bu əlaqələrin bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə