Əli Əhmədov: "YAP hər zaman faydalı işlərlə məşğuldur"

Əli Əhmədov: "YAP hər zaman faydalı işlərlə məşğuldur"

"Yeni Azərbaycan Partiyası (YAP) davamlı olaraq aksiyalar həyata keçirir. Həmin aksiyalar çərçivəsində Bakı şəhərində yaşıllaşmaya dəstək verilməsi önəmli yer tutur. Dəfələrlə Bakının müxtəlif ərazilərində ağaclar əkmişik. Hazırda əkdiyimiz ağacların çoxu bu zonaların yaşıllığına öz töhfəsini verəcək". SİA-nın məlumatına görə, bu fikirləri YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov partiyanın 20 illiyi münasibəti ilə həyata keçirilən ağacəkmə aksiyasında iştirakı zamanı deyib.

"Bu gün YAP-ın yaranmasının 20 illik yubileyi çərçivəsində ağacəkmə kompaniyası həyata keçiririk. Bir neçə müddət əvvəl də bu ərazidə ağaclar əkmişdik. Artıq həmin ağaclar böyüməkdədir. İndi də həmin aksiyanın davamı olaraq təyin olunan ərazidə işimizi davam etdiririk", -deyə sədr müavini bildirib.

Onun sözlərinə görə, ağacəkmə kompaniyasında YAP-ın fəal gəncləri aktiv iştirak edir: "2000-dən çox ağac əkilməsi nəzərdə tutulub. Güman edirəm ki, bizim bu sahədə sonuncu işimiz olmayacaq. Gələcəkdə də bu kimi aksiyalar keçirməyi planlaşdırırıq. YAP yalnız ölkənin siyasi həyatında iştirak etməklə öz missiyasını başa çatmış hesab etmir. Siyasi həyatda yüksək mövqe tutmaqla kifayətlənməyib, eyni zamanda ölkəmizin ictimai- siyasi həyatında müxtəlif aksiyalar keçiririk. Bununla yanaşı, quruculuq işlərinə də dəstək veririk. Bütün bunların hamısı YAP-ın geniş və çoxşaxəli fəaliyyət göstərdiyindən xəbər verir. YAP hər zaman istər siyasi, istərsə də digər sahələrdə faydalı işlərlə məşğuldur".

Bütün xəbərlər Facebook səhifəmizdə