Əli Həsənov: "Azərbaycan bu sahədə də qabaqcıl ölkəyə çevriləcək"

Əli Həsənov: "Azərbaycan bu sahədə də qabaqcıl ölkəyə çevriləcək"

"Azərbaycanın öz milli süni rabitə peykini orbitə çıxarması ölkənin bu sahədə imkanlarını bir qədər də artıracaq və digər sahələrdə olduğu kimi, ölkəmiz bu sahədə də qabaqcıl ölkəyə çevriləcək". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, süni peykin orbitə çıxmasından sonra ölkədə internet provayderlərinin sayı artacaq və bu sahədə tədbirlər genişləndiriləcək.

Azərbaycanda informasiya resurslarının qorunması üzrə bəzi problemlərin olduğunu deyən Əli Həsənov qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün müvafiq struktur yaradılıb: "Azərbaycanda internet azadlığı da yüksək səviyyədədir. Bloggerlərə internetdə yazdıqlarına görə heç bir təzyiq yoxdur".

6 noyabr - Teleradio işçilərinin peşə bayramı münasibətilə jurnalistləri təbrik edən PA rəsmisi bildirib ki, 2013-cü ildə Azərbaycan tam rəqəmsal yayıma keçəcək.

Qeyd edək ki, Azərbaycanın ilk telekommunikasiya süni peykinin buraxılması layihəsi kommersiya xarakteri daşıyır. İlkin hesablamalara görə, layihəyə qoyulan vəsaitlərin peykin istismarına başlanılandan sonrakı 5-7 il ərzində qazanılması nəzərdə tutulur. Azərbaycan peyk imkanlarının yalnız 20%-dən istifadə etmək niyyətindədir, qalan hissəsini isə digər ölkələrin istifadəsinə verəcək. Artıq peyk imkanlarının 40%-i Malayziyaya təqdim edilib, qalan hissə üzrə isə təkliflər qəbul olunur.

Azərbaycan milli peykinin Skandinaviya ölkələri istisna olmaqla, Avropanı tam, Qazaxıstanın böyük hissəsini əhatə etməklə isə Asiyanın yarısını əhatə etməsini istəyir. Peyk teleradio yayım və internetlə transmissiyaya malik olacaq.

Milli peykin orbitə çıxarılmasında Azərbaycana ABŞ-da yaşayan Rusiya akademiki Roald Saqdeyevin təşəbbüsü ilə yaradılmış "Silk Sat" proqramı dəstək göstərir. Proqram Böyük İpək Yolu ölkələrinin ABŞ və Rusiya resurslarının cəlb etməklə vahid peyk sisteminin yaradılmasını nəzərdə tutur. Peykin əsas idarəetmə mərkəzi Qala qəsəbəsində, ehtiyat idarəetmə mərkəzi isə Naxçıvanda olacaq.

Xatırladaq ki, layihə Azərbaycan Prezidentinin 2008-ci il 4 noyabr tarixli "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncamına müvafiq olaraq həyata keçirilir.

Elgün Aslanov

Bütün xəbərlər Facebook səhifəmizdə