Kainat zamanca əbədi məkanca sonsuzdur

Kainat zamanca əbədi məkanca sonsuzdur

Hesab edirəm ki, 2012-ci ildə dünyanın sonunun olması ilə bağlı fikirlərin elmi əsası yoxdur. Bu ancaq sensasiya xarakterli gündəmə gəlmək istəyən qüvvələrin və dairələrin irəli sürdüyü fikirlərdir. Bunu SİA-ya AMEA-nın Coğrafiya İnstitutunun aparıcı-elmi işçisi Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, dünyanın sonu ilə bağlı mülahizələr mayya təqviminə gedib çıxır: "Mayya təqvimində də 2012-ci ilin sonuna qədər olan tarix göstərilir. Ondan sonrakı dövr isə göstərilmir. Buna görə də bu ilin sonu dünyanın sonu kimi göstərilir. Dünyanın nə vaxt yarandığını və nə vaxt sonu olacağını bilmirik. Ona görə də biz həmişə belə bir fikir irəli sürürük ki, kainat zamanca əbədi, məkanca sonsuzdur. Məhz bununla da dünyanın sonu ilə bağlı mülahizələr müəyyən vaxtlarda irəli sürülüb. Hər hansı bir komet, səma cismi müəyyən vaxtdan bir yerə yaxın olur. Məsələn, "Holley" kometi bir neçə ildən bir yerə yaxınlaşır və o zaman müəyyən şayiələr dolaşır ki, o yerlə toqquşacaq və bunun nəticəsində yer öz orbitindən çıxacaq. Bununla da kainat məhv olacaq. Ancaq Holley kometi öz oxu ilə hərəkət edərək çıxıb gedir. Kometlər isə formalaşmamış səma cismləridir. Avropa və Amerika alimləri buna istinadən müəyyən mülahizələr irəli sürürlər. Kainatın quruluşu elədir ki, nə yer günəşə, nə də ki günəş yerə yaxınlaşa bilməz. Bu cisimlər arasındakı məsafə dəqiqdir və onların hər biri öz oxu ətrafında hərəkət edir. Təbiət hadisələrinə gəldikdə isə son 15 ildə sunami və zəlzələlərin sayı artıb. Bu tarixdə həmişə olub və olacaq. İqlim dəyişməsi haqqında çoxlu fikirlər vardır".

M.Həsənov hesab edir ki, buna baxmayaraq təbii fəlakətlər Azərbaycanda da baş verə bilər: "Çünki Azərbaycan Alp-Himalay geosinklinalında yerləşir və zəlzələnin baş verməsi hər zaman gözlənilir. Azərbaycan ərazisində 9-10 bal gücündə zəlzələlər hər zaman gözlənilir. Ümumən dünyanın sonunun təbii fəlakətlərlə izah eləmək elmi cəhətdən düzgün deyil. Qiyamət günü, dünyanın sonunu olması haqqında fikirlər müəyyən müqəddəs kitablarda öz əksini tapıb bu isə müəyyən mənada insanları düz yola qaytarmaq məqsədi güdüb. Əvvələr dünyanın sonu 2000-ci ilin noyabr ayı olaraq göstərilirdisə bir müddətdən sonra bu bir qədər uzadıldı və dekabrın sonu ilə əvəz olundu. Belə fərziyələrlə insanlarda xof yaratmaq elmi və dini baxımdan da doğru deyil. Bu bir növ insanların psixasına ziyandır".

Coğrafiya elmləri namizədi Habil Haqverdiyev isə deyir ki, Amerika alimlərinin irəli sürdüyü bu mülahizə elmi cəhətdən özünü doğrultmamalıdır: "Düzdür, tarixdə planetlərin yerdəyişməsi olub. Hesab edirəm ki, müasir elmin bu sahədə əsaslı tədqiqedici yekun nəticəsi yoxdur. Bunu son nəticə kimi əsaslandırmaq olmaz. Ola bilər ki, lokal şəraitdə bu mümkün olsun, amma bütünlükdə yer kürəsinin qaranlığa qərq olmasından söhbət gedə bilməz. Bunlar Azərbaycan şəraitində özünün qorxulu təsirini verə bilməz. Müasir dövrdə beynəlxalq münasibətlər çox ziddiyətlidir. Hesab edirəm ki, dünya siyasətində iqtisadi böhranı bu kimi amillərlə əlaqələndirmək düzgün deyil. Çünki bunun elmi əsası və kökü yoxdur".

Astroloq F.Qurbansoy isə bildirib ki, artıq dünya əhalisinin sayı 6 milyardı ötüb. Məhz buna görə də elə dairələr vardır ki, insanları öldürmək üçün müxtəlif vasitələr axtarırlar: "Bunun üçün də müharibələr, müxtəlif viruslar lazımdır. Ümumiyyətlə, onlar burada elə bir ovqat yaradırlar ki, zəif insanlar ürək xəstəliyinə düçar olsun və nəticədə heç bir müdaxilə olmadan dünyalarını dəyişsinlər. Bununla da həmin dairələr "lazımsız insanların" sayını azaltmaqla Yerdə balans yaratmağa çalışırlar. Onların 2011-ci ildə dünyanın dağılması ilə bağlı verdikləri informasiyalar belə yalan oldu. O ki, qaldı 2012-ci ilə, deyə bilərəm ki, təxminən 10 il bundan qabaq dünyanın sonu ilə bağlı hətta film çəkmişdilər. Bununla belə müxtəlif səpkili kitablar dərc olunaraq dünyanın hər yerinə yayılmışdı. Hazırda isə hər bir kəs gözləyir ki, 2012-ci ilin dekabrın 21-də qiyamət qopacaq. Bunlar tamamilə absurd fikirdir və heç bir hadisə baş verməyəcək. Səfər ayının yeddisinə təsadüf edən Miladi təqvimlə 2012-ci il və Hicri-Qəməri təqvimlə 1334-cü ilin dekabrın 21-i adi günlərdən biridir. Bu zaman Günəşə yaxın olan üç planet Merkuri, Venera və Yer Oxatan bürcündə yerləşəcək. Bunu planetlərin paradı kimi qələmə vermək olmaz. Planetlərin paradı olmaq üçün kəşf olunan on səyyarə bir düz xətt üzərində olmalıdır. Təbii ki, bu əhvalatda baş verməyəcək".

Astroloq həmin bu hadisələrin Avropada hökm sürən iqtisadi böhranla bağlı olmadığını da dilə gətirib: "Bu sadəcə olaraq siyasi oyunlardır. Bildiyiniz kimi indiki şəraitdə iqlim silahları mövcuddur. Bundan da öz növbəsində Amerika (ABŞ) bəhrələnir. Hər bir şey Allahın nəzarətindədir. Amerikada heç bir demokratiyadan söhbət belə gedə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə