"Gənclər partiyaya böyük ümid bəsləyir"

"Gənclər partiyaya böyük ümid bəsləyir"

"Yeni Azərbaycan Partiyası (YAP) keçdiyi şərəfli tarix yolunu bundan sonra da davam etdirmək niyyətindədir. Hesab edirəm ki, Azərbaycan vətəndaşları bu həqiqətləri dərk edir və yüksək qiymətləndirirlər". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib.

İcra katibi bildirib ki, məhz buna görə də qarşıdan gələn növbəti prezident seçkilərində də Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevi özünün namizədi kimi görür: "Ümid edirəm ki, xalq 2013-cü il prezident seçkilərində yenidən Prezident İlham Əliyevə səs verməklə 20 il ərzində davam edən inkişaf, yüksəliş strategiyasının növbəti illərdə də davam etməsinə təminat verəcək. Hər bir vətəndaş ölkəsinə elə bir insanın rəhbərlik etməsini arzulayır ki, bu rəhbərlik bütövlükdə dövlətin qüdrətinin artmasına xidmət etsin. Qarşıda Yeni Azərbaycan Partiyasının və ona rəhbərlik edən Prezident İlham Əliyevin obyektiv zərurətdən irəli gələn bir məsuliyyətləri var. Bu məsuliyyət xalqa, dövlətə xidmətə hesablanıb. Azərbaycan xalqının rifahının yaxşılaşdırılması üçün qarşıda daha böyük layihələr həyata keçirilməlidir".

Ə.Əhmədov bildirib ki, bu il ərzində Yeni Azərbaycan Partiyasının sıralarına təxminən 28-30 min yeni üzv daxil olacaq: "Bu rəqəm çox böyük rəqəmdir. Hər il hakim partiyanın sıralarına 25-30 min arası yeni üzv daxil olur. Hər il partiyamıza üzv olanların sayı digər partiyaların bütövlükdə sayı ilə müqayisə olunacaq qədərdir. Bu gün tələbələr, gənclər Yeni Azərbaycan Partiyasına böyük inam bəsləyirlər. Ona görə də, hər il partiya sıralarına daxil olan üzvlər arasında gənclər, tələbələr üstünlük təşkil edir. Hazırda YAP-ın 600 minə qədər üzvü var.

Bütün xəbərlər Facebook səhifəmizdə