2 milyon manat Milli Məclisdə təmsil olunan 11 partiya arasında bölünəcək
Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalara maliyyə yardımı ayrılacaq. 2013-cü ildə ayrılacaq yardımın həcmi açıqlanıb. Vəsait Milli Məclisdə təmsil olunan 11 partiyanı əhatə edəcək. Amma məbləğlə bağlı narazılıq da var.
2013-cü il dövlət büdcəsi layihəsində siyasi partiyalara maliyyə yardımının ayrılması göstərilib. Partiyalara ümumilikdə 2 milyon manat ayrılıb. İlin əvvəlində "Siyasi partiyalar haqqında" qanuna edilmiş dəyişikliklərə görə, digər siyasi partiyalar seçkilərdə 3 faizlik baryeri aşa bilmədiyindən, bu vəsait Milli Məclisdə təmsil olunan 11 partiya arasında bölünəcək. Bölünmə partiyaların Milli Məclisdə təmsil olunan deputatlarının sayına əsasən aparılacaq.
Millət vəkili Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa hesab edir ki, qanuna edilən dəyişiklikdə çatışmazlıqlar var. Həmçinin bu vəsaitin böyük hissəsi YAP üçün ayrılacaq, digər Milli Məclisdə təmsil olunmayan partiyalara isə heç bir vəsait çatmayacaq. Fazil Mustafanın fikrincə, əsas məqsəd partiya institutlarının təkmilləşdirilməsidir: "Bu kiçik məbləğdir. Nazirlər Kabinetinə təklif edilmişdir ki, məsələyə yenidən baxılsın. Əks halda, bu qanunun formal mənası olacaq".
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı isə "Siyasi partiyalar haqqında" qanunun qəbulunu və ona edilmiş dəyişiklikləri müsbət qiymətləndirir. Mübariz Qurbanlı həmçinin bildirdi ki, bu, siyasi partiyaların inkişafına təkan verən bir qanundur. Gələcəkdə bu qanun çərçivəsində siyasi partiyalara ayrılacaq vəsaitin artırılacağı istisna edilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB