Möhsün Pakayin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib
Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul edib. Prezidentin rəsmi saytına istinadən verilən məlumata görə, Azərbaycanla İran arasında əlaqələrin inkişafına toxunan dövlət başçısı bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətini vurğulayan İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın bu toplantıda iştirakının önəmini qeyd edib. İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan prezident səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Öz növbəsində səfir Möhsün Pakayin İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın salamlarını Azərbaycan prezidentinə çatdırıb. İlham Əliyevə və Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayan səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirib.
İlham Əliyev prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran prezidentinə çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB