Müxalifət bütün vasitələrdən istifadə edərək ictimaiyyətdə hakimiyyətə qarşı mənfi rəy formalaşdırmağa çalışır. Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Mübariz Qurbanlı Müxalifətin nöbəyi dəfə keçirməyi planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.
Millət vəkilin sözlərinə görə, Prezident İlham Əliyevin bölgələrə (Tərtər, Bərdə, Yevlax və Zərdab) səfəri zamanı orada görülən işlər və əldə olunan uğurlar hər kəsin gözü qarşısındadır: "Bu şəraitdə müxalifət istənilən seçkilərlə məğlubiyyətə düçardır. Bunu hiss edən müxalifət qarayaxma və hay-küylə məşğuldur. Müxalifət gündəmdə qalmaq üçün Azərbaycanda müxtəlif mənfi hadisələrin baş verməsi arzusu ilə yaşayır. Onlar Azərbaycanda baş verən təbii fəlakətlərdə də hakimiyyəti günahlandırmağa çalışırlar. O müxalifətin prespektivi yoxdur. Müxalifət həm ideoloji, həm psixoloji, həm də siyasi cəhətdən tükənmiş bir düşərgədir".
Millət vəkili bildirib ki, Parlamentin buraxılması adlı tezisə gəldikdə isə görünür ki, Azərbaycan müxalifətində rəhbər olan şəxslərin Azərbaycan Konstitusiyası ilə bağlı problemləri var: "Onlar Azərbaycan Konstitusiyasını yetərincə, mükəmməl oxumayıblar. Azərbaycanda parlament heç vaxt buraxılmır. Parlament seçilir və vaxtı çatanda fəaliyyətini başa vurur. Parlament üzvləri baş verən hadisələrlə əlaqədar vəzifəsindən azad oluna bilər və onlara cinayət işi də açıla bilər. Lakin 125 deputatın birdən-birə istefa verməsi ağılasığmaz bir çağırışdır və bu müxalifətin məlumatsızlığından irəli gəlir. Parlament leqitim yollarla seçilib və vətənə, millətə layiqli fəaliyyət göstərir. Bir-iki deputat barəsində baş vermiş hadisəni digərlərinə şamil etmək mənasızdır. Azərbaycan azad demokratik ölkədir və qanunlar şərçivəsində mitinq keçirilməsinə heç bir qadağa yoxdur. Lakin qanunsuz keçirilən mitinqlərdə səsləndirilən şüarlar heç vaxt həqiqət olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB