Müxalifət "gizli çəkiliş" olayını siyasiləşdirir

Müxalifət "gizli çəkiliş" olayını siyasiləşdirir

Bir müddət öncə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev və Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların həqiqətə uyğun olub, olmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə, dağıdıcı müxalifət bu hadisəni siyasiləşdirməklə qondarma qurum sayılan "İctimai Palata" təmsilçiləri müxtəlif açıqlamalar verməklə, bunu dövlətin adına çıxması, bu məsələ ətrafında siyasi şoular düzənləməsi heç də təəccüblü görünmür. Baş vermiş hadisə ilə bağlı artıq Bakı şəhər Prokurorluğunda cinayət işi başlanıb və araşdırmalar gedir.

Söhbət etdiyimiz müsahiblərim dağıdıcı müxalifətin belə addımlarını qətiyyətlə pisləyərək, bunun siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd etdilər.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu: "Bunu siyasiləşdirənlər siyasi spekulyasiya ilə məşğul olanlardır"

- Əslində, bu hadisə bu aspektdən izah edilməlidir ki, Azərbaycan cəmiyyətində neqativ hallara meyilli olan fərdlərin müəyyən qanun pozuntusu ilə özlərinə kariyera düzəltmək cəhdləri baş tutmur. Baş vermiş məlum hadisənin mahiyyəti də bunu ortaya qoydu. Kimliyindən, ictimai statusundan, hansısa siyasi partiyaya mənsub olmasından asılı olmayaraq hər bir vətəndaş, həm də bir fərddir. Ayrıca müstəqil qərarlar qəbul edir. Əgər o fərdin qəbul etdiyi qərarlar ictimai səviyyədə hər hansı bir neqativ məqsədin təmin olunmasına təsir edə bilmirsə bu artıq fərdi olaraq qalır. Hesab edirəm ki, əsla belə bir cəhdi siyasiləşdirmək olmaz. Bunu siyasiləşdirənlər siyasi spekulyasiya ilə məşğul olanlardır. Məlum hadisədə də aydın olub ki, kimlərsə arasında hansısa sövdələşmə heç bir halda hakimiyyətin alacağı qərara təsir etməyib və heç bir halda bu prosesin nəticəsində qarşıya qoyulan neqativ məqsədə nail olunmayıb. Düşünürəm ki, məsələnin mahiyyətini obyektiv anlayan da elə məhz Azərbaycan cəmiyyətidir. Ayrı-ayrı siyasətçilər, siyasi həyata doğulduğu andan ölü hesab edilən "İctimai Palata" heç bir ciddi siyasi fəaliyyət göstərə bilmədiyi üçün bu cür və yaxud buna bənzər hadisələr ətrafında bir siyasi şou, siyasi spekulyasiya düzəltməyə çalışırlar. Amma onlar anlamalıdırlar ki, baş verən bütün hadisələri Azərbaycan cəmiyyəti izləyir. Azərbaycan demokratik bir ölkədir. O cümlədən ölkədə internet resurslarına, sosial şəbəkələrə çıxış tam sərbəstdir. Məlum hadisə ilə bağlı hər kəsin ilkin mənbədən birbaşa məlumat almaq imkanları var. Ona görə də heç bir halda onlar bu məsələ ətrafında siyasi şou düzəldərək, Azərbaycanda yalnış ictimai fikir formaşadıra bilməyəcəklər. Sadəcə apardıqları siyasi kampaniya onların öz əlehinə çevriləcəkdir.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli: "Bu məsələnin dövlətin adına çıxılması tamamilə məntiqsiz yanaşmadır"

- Bu məqsədli şəkildə hazırlanıb çəkilmiş bir videodur. Elşad Abdullayevin verdiyi suallaradan da onun bu hadisəyə xüsusi bir hazırlıq gördüyü göz qabağındadır. Hər halda ortalıqda cinayət faktı var. Bu kriminal bir hadisədir və bununla bağlı son sözü də hüquq mühafizə orqanları deyirlər. Məsələyə hüquqi qiyməti də məhkəmə verəcək. Məhkəməyə qədər bu və ya şəkildə məsələdən istifadə etmək, kimisə cinayətkar adlandırmaq, böhtan xarakterli fikirlər səsləndirmək həm hüquqi prinsiplərə ziddir, həm də bu məsələnin dövlətin adına çıxılması tamamilə məntiqsiz yanaşmadır. Düşünürəm ki, məsələ araşdırılacaq və ədalətli həllini tapacaq.

"Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli: "Bunu eybəcərlik və prinsipsizlik kimi qiymətləndirirəm"

- Bu məsələyə dövlət səviyyəsində rəsmi münasibət bildirildi. Elşad Abdullayevin neqativ bir şəxs olduğu bir daha göstərildi. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. "Azadlıq" qəzeti də vaxtilə Elşad Abdullayevin yazılarını dərc edibdir. Hamıya məlumdur ki, E.Abdullayev "azadlıq" qəzetində dərc etdirdiyi həmin yazıları pulla dərc etdirib. Bunlar hamsı faklardır. İndi də E.Abdullayevin hüquqların müdafiə edirlər. Bunu eybəcərlik və prinsipsizlik kimi qiymətləndirirəm.

"Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas: "Burada məsuliyyət şəxsin öz üzərinə düşür"

- Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətləri hakimiyyətin, hakim partiyanın üzərinə kölgə salmır və bu mümkün də deyil. Burada məsuliyyət şəxsin öz üzərinə düşür. Bunun siyasiləşdirilməsini isə düzgün hesab etmirəm. Hər halda bu məsələ üzrə aidiyyatı orqanlar var, onlar baş vermiş hadisəni araşdıracaq və lazımı hüquqi qiymət verəcək. Bu hadisəni siyasiləşdirmək və ya şişirtmək düzgün deyil.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni: "Burda siyasi məsələ yoxdur"

- Mən bu hadisənin siyasiləşdirilməsinin tamamilə əlehinəyəm. Azərbaycan hüquqi və demokratik bir dövlətdir. Bu prinsiplər əsasında da məsələ öz ədalətli həllini tapacaq. Belə bir hadisənin siyasiləşdirməkdə müxalifət maraqlıdır və buna cəhd edir. Amma bu heç də lüzum görmürəm. Çünki hazırda araşdırma gedir. Burda siyasi məsələ yoxdur. Əgər cinayət faktından söhbət gedirsə təbii ki, hüquq mühafizə orqanları, qanunlar var. Ona görə də bir daha qeyd edirəm ki, baş verən məlum hadisəni hüquq mühafizə orqanları araşdırıb, məsələyə hüquqi qiyməti verəcək.

Babək Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə