İvanaşvili Azərbaycana gələcək

"Gürcüstanın yeni hakimiyyəti Bidzina İvanaşvilinin ilk xarici ölkəyə səfərlərindən biri Azərbaycana olacaq". SİA-nın verdiyi xəbərə görə, bunu Gürcüstanın səfiri Teimuraz Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İvanaşvilinin də bəyan etdiyi kimi onun ilk səfəri strateji tərəfdaşı olan Amerikaya olacaq. Bundan sonra isə İvanaşvilinin Gürcüstanın ikinci strateji partnyoru olan Azərbaycana səfəri məsələsi diplomatik yollarla müzakirə ediləcək: "Bundan sonra onun səfəri planlaşdırılacaq. Amma səfərin dəqiq vaxtı barədə indidən bir söz söyləmək mümkün deyil. Biz istərdik ki, bu səfər səmərəli xarakter daşısın".

Səfir öz növbəsində digər məsələlərə də münasibət açıqlayib. O bildirib ki, Bakı-Tibilisi-Qars dəmiryolunun Azərbaycan-Gürcüstan hissəsində tikinti işləri başa çatıb. Problem Türkiyə tərəfindədir: "Biz öz tərəfdaşımızın işi başa çatdırmasını gözləyirik. Türkiyənin işləri bitirməməsinə səbəb landşaftlarda yaranan çətinliklərdir. Bunun üçün də müəyyən vaxt tələb olunur. Bu layihə əsas regional layihələrdən biridir və regionun inkişafı üçün vacib əhəmiyyət daşıyır".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə