Prezident İlham Əliyev Bərdəyə səfər edib

Prezident İlham Əliyev Bərdəyə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Tərtər rayonuna səfərini başa çatdıraraq Bərdə rayonuna gəlib.

Dövlətimizin başçısı Bərdə şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda görülmüş işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verib.

Prezident Bərdədəki Nüşabə parkında yaradılmış şəraitlə tanış olub. Məlumat verilib ki, parkın yerləşdiyi ərazi əvvəllər yararsız vəziyyətdə olub. Bərdə Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına aparılan yenidənqurma işlərindən sonra ərazi tamamilə simasını dəyişib. Ümumi sahəsi 0,7 hektar olan parkda şəhər sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb.

Nüşabə parkı özündə qədimliklə müasirliyi təcəssüm etdirir. İstirahət məkanının mərkəzinə Nüşabənin heykəli qoyulub. Parkda mövzusu Nizami Gəncəvinin "İsgəndərnamə" poemasından götürülmüş 7 tablo hazırlanıb. Tablolarda Nüşabənin İsgəndərlə görüşü, Nüşabənin ağsaqqallarla söhbəti, İsgəndərin alimlərlə məsləhətləşməsi və s. səhnələr əks olunub. Parkda abadlıq işləri aparılmış, iki bulaq qurulmuş, yaşıllıqlar salınıb. Burada Çay evi də fəaliyyət göstərəcək.

Parkın müasir işıqlandırma sistemi qurulub. Burada hər cür hava şəraitinə davamlı materiallardan hazırlanan oturacaqlar və Bərdədən tapılmış arxeoloji materiallar qoyulub.

Dövlət başçısı parkla tanışlıqdan sonra Bərdə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Rayon sakini, Ziyalılar Cəmiyyətinin sədri Həsən Həsənov göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev həmçinin Bərdədə Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Dövlət başçısının diqqətinə çatdırılıb ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Bərdədəki Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılıb, yüksək keyfiyyətlə başa çatdırılıb. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 70 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Burada inşa edilmiş fəvvarə meydanın gözəlliyini daha da artırır.

Diqqətə çatdırılıb ki, meydan yaradılarkən Azərbaycan memarlıq sənətinin bütün elementlərindən istifadə olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb, 1200 gül və bəzək kolu əkilib. Mərmər plitələr və tamet üzlüklər döşənmiş meydanda müasir işıqlandırma sistemi quraşdırılıb, istirahət üçün hər cür şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə