Biz onlara qarşı küt alətlərlə mübarizə aparırdıq MÜSAHİBƏ

Xocavənd rayonunun Qaradağlı kənd sakini İlqar Hüseynovun Səs TV-yə müsahibəsi:

- İlqar müəllim, bugün Xocavənd rayonunun erməni silahlı qüvvələri tərəfindən işğalından 20 il ötür. Həmin hadisələri necə xatırlayırsınız?

- Mən Xocavənd rayonunun Qaradağlı kəndində anadan olub, boya-başa çatmışam. Dağlıq Qarabağda gedən bütün hadisələrin canlı şahidi olmuşam. Bu hadisələr 1988-ci ilin fevral ayının 12-də Xocavənd rayonunda cərəyan edib. Qaradağlı kəndi 41 kəndin əhatəsində yerləşirdi. O, vaxt respublika bu hadisələrə demək olar ki, göz yumurdu. Ermənilər hər-vəchlə Qaradağı dörd tərəfdən atəşə tuturdular. Biz də onlara əlimizdən gələni edirdik. 1991-ci ilin mart ayının 8-də ermənilər fermadan qayıdan iki nəfər kənd sakininin qarşısını kəsərək, onları qətlə yetirdilər. O, vaxt hakimiyyət tərəfindən ermənilərə heç bir tədbir görülmürdü. 1991-ci ilin fevral ayının 8-də yenidən ermənilər Qaradağlı -Ağdam marşutunun 6 km-də maşının qarşısını kəsərək, avtobusda olan qırx bir nəfərdən səkkizini qətlə yetirdilər, bir qismini isə yaraladılar. 1992-ci ilin sentyabr ayının 12-də səhər 05:05 radələrində ermənilər dörd bir tərəfdən Qaradağlıya hücuma keçdilər.

- Həmin hadisələr nəticəsində siz necə xilas ola bildiniz?

- Kənddə o zamanlar silah çox az idi. Çünki ruslar onları yığıb aparmışdılar. Əhalidə çox az sayda silah, bir neçə ov tüfəngi qalmışdı. Biz onlara qarşı ancaq yaba, dəhrə, küt alətlərlə mübarizə aparırdıq. Fevral ayının 15-də artıq tanklardan, BTR-lərdən, hücuma keçdilər və Qaradağı dörd bir tərəfdən bombardman etdilər. Bu bombardman nəticəsində üç gün ərzində kənd 25 nəfər itki verdi. Ancaq onlar tərəfdən də itki olmuşdu. Bizi Xankəndi istiqamətində aparıb 8 gün zirzəmidə saxladılar. Daha sonra bizi təcridxanaya apararaq hər gün ac-susuz, döyərək işgəncələr verdilər. Səkkiz nəfər aclıqdan həyatını belə itirmişdi. Gözümün qarşısında 64 nəfər Qaradağlını qətlə yetirdilər. Sonradan isə bizi ermənilərlə dəyişdilər.

- Bir gün televiziyaların birində torpaqlarımızın erməni daşnaklarından azad olunduğunu eşitsəniz ilk təəssüratınız necə olar?

- Əgər bu gün o şad xəbəri esitsəm, torpaqlarımıza böyük bir sevinclə gedərəm. Mən o torpaqda böyümüşəm. Cənab Prezidentimiz İlham Əliyev müharibə əmrini versə, ermənilərin əsirliyində qalan girovları, torpaqlarımızı, Qaradağ sakinlərini azad etməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...