"BMT-nin təsirli olmaması cinayətkarların əlində silaha çevrilir"

"BMT-nin təsirli olmaması cinayətkarların əlində silaha çevrilir"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxışı zamanı təşkilatı tənqid edib. Davudoğlu bildirib ki, Suriya məsələsində BMT-nin təsirli ola bilməməsi cinayətkarların əlində silaha çevrilir və buna görə dünya ictimaiyyətinin vicdanını sızladan hadisələrin şahidi oluruq.

"Suriya dövlətinə müdaxilə edə bilməməyimiz despotların əlində alətə çevrilir və dağıdıcı rejimlərin mülkiləri qəsb etməsi ilə nəticələnir. Bu sivil dünya icitmaiyyətinə və Birləşmiş Millətlər Təşkilatını ələ salmaqdır. Məsələ ilə bağlı irəliləyişin olmaması hamımızın vicdanını sızladır. Daha da dözülməz odur ki, despot rejimlər şər ittifaqı quraraq bəşəriyyətə qarşı cinayətlər törədirlər. Gəlin səhvə yol verməyək. Zalıma rəhm etmək məzluma zülm etmək deməkdir. Hər şeydən əvvəl Suriya xalqının təhlükəsizliyi təmin edilməlidir. Bunun bir həlli yolu olmalıdır", - deyə Davudoğlu sözlərini ifadə edib.

Çıxışı zamanı Davudoğlu, eyni zamanda, Kipr məsələsinə də toxunub: "Beynəlxalq cəmiyyət həmçinin, Kiprdə baş verənlərə laqeyd yanaşmamalıdır. Problemin həll edilmədən qalması regionun təhlükəsizliyini riskə atır. Yunan Kiprinin təbii qaz və nefti təktərəfli şəkildə istismar etməsi bu riski daha da artırır. BMT bu şərtlər altında məsələ ilə bağlı daha nələrsə etməli, xüsusilə də, Təhlükəsizlik Şurası status kvonu dəyişmək üçün məsələnin həllini yüngülləşdirməlidir".

Davudoğlu, həmçinin, İslam peyğəmbərinin təhqir edilməsi ilə bağlı da dünya ictimaiyyətinə müraciət edib.

"Buradan Beynəlxalq İctimaiyyətə səslənirəm. Dinə ləkə yaxmaq və ya din əhlinin dəyərlərini təhqir etmək kimi nifrətdən yaranan cinayətlərin qarşısını almaq üçün bütün vasitələrə əl atmaq lazımdır. Birləşmiş Millətlər Təşkilatı bu təşəbbüsü ələ almalı və məsələni beynəlxalq səviyyədə qanun çərçivəsinə salmalıdır", - deyə Davudoğlu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə