Türkiyəli rəsmilər Ağdamda olub

Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Türkiyə Xarici İşlər Nazirliyi Yanında Strateji Araşdırmalar Mərkəzinin bir qrup əməkdaşı Azərbaycanın bir neçə şəhər və rayonunda olub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, qonaqlara Ağdam rayonu, onun tarixi və yaşadığı müharibənin törətdiyi problemlər haqda məlumat verilib.

Daha sonra hər iki ölkənin strateji araşdırmaları sıravi sakinlərlə görüşüblər. Ərazisinin böyük hissəsi ermənilər tərəfindən işğal edilən Ağdamda olan qonaqlar əvvəlcə Rayon İcra Hakimiyyətində yerli rəsmilərlə görüşüblər.

Rayon İcra Hakimiyətinin başçısı Nizami Sadıqov türkiyəli araşdırmaçılara rayon haqda ətraflı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə rayonunun 77 faizi – Ağdam şəhəri, bir qəsəbə və 82 kənd işğal edilərək talan edilib. Görüşdə həmçinin qonaqlara məlumat verilib ki, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ölkədə keçirilən tədbirlər çərçivəsində Ağdamda məcburi köçkünlər üçün 17 qəsəbə salınıb.

Türkiyə Parlamentinin Ankaradan olan deputatı Tülay Salamoğlu bildirib ki, Türkiyə həmişə olduğu kimi qardaş Azərbaycanın yanında olacaq, onun haqq səsinin dünayaya çatdırılmasında əlindən gələni əsirgəməyəcək.

Qeyd edək ki, türkiyəli qonaqlar rəsmi səfəri Ağdamdan sonra respublikanın digər bölgələrində davam etdirəcək.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə