“Azərbaycan media mühiti: mövcud durum və yeni cağırışlar” YENİLƏNİB

“Azərbaycan media mühiti: mövcud durum və yeni cağırışlar” YENİLƏNİB

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan media mühiti: mövcud durum və yeni çağırışlar" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, konfrans "Etik jurnalistika təşəbbüsləri- Azərbaycan" layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə təşkil edilib. Tədbiri giriş nitqi ilə Jurnalistlərin Həmkarlar İttifaqı, "Etik jurnalistika təşəbbüsləri- Azərbaycan" layihəsinin koordinatoru Müşfiq Ələsgərli açaraq beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndirərək, Azərbaycanda medianın inkişafı üçün hərtərfli şəraitin yaradıldığını qonaqların diqqətinə çatdırıb. Qeyd olunub ki, artıq iki ildir ki, keçirilən bu layihədə medianın durumu, həmçinin, yeni media təşəbbüsləri mövzusunda müzakirələr aparılıb. Media sahəsində ortaya çıxan yeni proseslər və onların tənzimlənməsi mexanizmləri xüsusilə diqqət mərkəzində olub.

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia isə çıxış edərək Avropa İttifaqının medianın inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı olaraq mediaya qarşı bütün növ məhdudiyyətləri pisləyir və bu istiqamətdə lazımi addımların atılmasını davam etdirəcəyik:

"Azərbaycan media istiqamətində atılmış addımlara görə, qürur duymalıdır. Ölkənizdə 20 il ərzində çox böyük işlər görülüb. Onlayn medianın inkişafı, elektron medianın durumu, internet medianın çap və elektron media ilə qarşılıqlı münasibəti ətrafında çox ciddi addımlar atılıb. Onlayn kanallar çox maraqlıdır. Çünki bunların özü yeni bir mediadır. Bu kanallar hər kəs üçün çox gözəl imkanlar yaradır. Bu ilin noyabrında Bakıda "İnternet İdarəçilik Forumu" ( Internet Governance Forum - IGF) keçiriləcək. Forum Ümumdünya İnformasiya Cəmiyyəti üzrə sammitdə internet idarəçiliyi ilə əlaqədar BMT çərçivəsində yaradılacaq mexanizmin, idarəçiliyin təmin edilməsi üçün təşəbbüsü özündə əks etdirir. Bu təşəbbüs çərçivəsində də internetdə ümumi davranış qaydaları ilə bağlı maraqlı tərəflər üçün ümumi bir platformanın müəyyənləşdirilməsi nəzərdə tutulur"-deyə, o əlavə edib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev isə bildirib ki, Azərbaycan dövlətinin əsas məqsədi ölkənin səsini dünyaya çatdıra biləcək güclü medianın formalaşdırılmasıdır: "Azərbaycan indi Cənubi Qafqaz regionunda əsas amilə, mərkəzi ölkəyə çevrilib və bu gün mediamız azadlığı, plüralizmi, sərbəstliyi ilə cəmiyyətin gözləntilərini, çağırışlarını doğrultmağa çalışmalı, inkişaf etməli, Azərbaycanda güclü, peşəkar jurnalistika ictimai dəyərə hakim kəsilməlidir. Azərbaycan dövləti bu istiqamətdə gündəlik jurnalistika ilə təmasda olur, təklifləri dinləyir, üzərinə düşən işləri görür. Çünki Azərbaycan dövlətinin əsas məqsədi ölkədə müstəqil, peşəkar, sərbəst, dünya səviyyəsində Azərbaycanın səsini çatdıra biləcək güclü media formalaşdırmaqdır".

Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibinin müavini Oliver Money-Kyrle də Azərbaycanda olduğu zamanlarda çox böyük dəyişikliklərin şahidi olduğunu dilə gətirib. Bildirilib ki, hər bir cəmiyyətin özündə müəyyən sistemlər mövcuddur: "Biz daim vurğulamışıq ki, jurnalistlər işə götürülərkən onların peşəkar səviyyədə hazırlanması mühüm rola malik olmalıdır. Biz bu konfransda media nümayəndələri ilə sıx əlaqə qurub sonrakı mərhələrdə debatların keçirilməsi üçün münbit zəmin apara bilərik".

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli və digərləri çıxış edərək mətbuatın inkiaşfı istiqamətində görülən və görülməsi planlaşdırılan işləri tədbir iştirakçılarının diqqətinə çatdırdılar.

Qeyd edək ki, "Azərbaycan media mühiti: mövcud durum və yeni cağırışlar" mövzusunda Beynəlxalq konfarns 2 gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə