KXCP-AXCP qarşıdurması güclənir

"İki qoçun başı bir qazanda qaynamaz". Yazımıza atalar sözləri ilə başlamağımız sizi təəccübləndirməsin, əgər söhbət müxalifət düşərgəsinin vaxtilə anası sayılan AXC-nin 10 il əvvəl şinelindən çıxan iki partiyanın – AXCP və KXCP-nin münasibətindən gedirsə bu məsəli boş yerə çəkmədiyimiz məlum olar. Məlumat üçün bildirək ki, iki partiya arasında münasibətlər eks-prezident Əbülfəz Elçibəyin vəfatından sonra daha da kəskinləşib.

Son günlər isə KXCP-nin əleyhinə yayılan məlumatların müəllifinin AXCP olması aranı qarışdırıb. KXCP sədrinin müavini Xəzər Teyyublu partiya daxilində "Demokratik Birlik" fraksiyasının yaradılması məsələsi ilə bağlı açıqlama verərək bildirib ki, bu hadisə kimlərisə bərk narahat edir.
Onun sözlərinə görə, 2013-cü il prezident seçkilərində KXCP sədri Mirmahmud Mirəlioğlunun namizədliyini irəli sürməsi müəyyən dairələri narahat etməyə baslayıb: "Fikrət Cəfərovun fraksiyanın tərkibində adlarını çəkdiyi şəxslərdən Qaya Əliyev partiyada hazırda müavin deyil. O sıralarımızdan xaric olunub. Strateji məsələlər üzrə müavin Aydın Mədətoğlu hazırda xəstədir. Əgər onların hər hansı fikirləri varsa, partiya qərargahında bildirə bilərlər. Fraksiya yaratmağa ehtiyac yoxdur".

Partiya sədrinin əlaqələr üzrə müavini Fikrət Cəfərov isə açıqlamsında yaranan "Demokratik birlik" adlı fraksiyasının son 3-5 gündə təsis edilmədiyini qeyd edib: "KXCP-nin son günlər siyasi kursunda müxtəlif hadisələr baş verir. Bu fraksiyanı yaratmaqda məqsədimiz partiyanın üzərindən dumanlı imici götürməkdir. Onun əvvəlki nüfuzunu özünə qaytarmaqdır".

Fikrət Cəfərov əlavə edib ki, kimin nə deməyindən asılı olmayaraq Qaya Əliyev hazırda partiyanın beynəlxalq məsələlər üzrə müavinidir.

"Əgər mənim barəmdə KXCP sıralarından xaric olmağım barədə hər hansı bir qondarma sənədin ortaya çıxmasına mətbuatda rastlaşsanız, təəccüblənməyin. Davam edir 37, daha kəskin daha ciddi!". Bunu isə haqqında şaiələr yayılan Qaya Əliyev deyib.

O, partiyadan uzaqlaşdırılacağına dair məlumatlara aydınlıq gətirərkən bildirib. Onun sözlərinə görə, partiya rəhbərliyi bu istiqamətdə addımlar atmağa hazırlaşır: "Mirmahmud bəy məndə olan məlumata əsasən, 3 gündür ki, bunu həyata keçirməyə çalışır. Hələ mən birlik təklifi ilə çıxış edəndə Mirmahmud bəyin buna reaksiyası bundan ibarət olmuşdu ki, "Qaya ya səhvini başa düşəcək, ya da hqqında bir tədbir görüləcək". Bu baxımdan bu ultimatumun məntiqi davamı kimi rəhbərliyin sifarişi ilə belə bir addım atılarsa, təəccüblənməyin".

Məsələ burasındadır ki, KXCP-də baş verənlərin mətbuata başqa şəkildə çatdırılmasının müəllifi kimi AXCP göstərilir. "Bunlar tamamilə yanlış informasiyalardır. Klassik Xalq Cəbhəsi Partiyasının daxilində baş verən qarşıdurmalarda AXCP niyə maraqlı olmalıdır ki?". Bu sözləri AXCP sədrinin müavini Gözəl Bayramlı deyib.

Onun sözlərinə görə, KXCP-dəki problemlər partiyanın öz daxilindən qaynaqlanır: "KXCP-nin daxilində müavinlərin demokratik fikir deməsinə imkan vermirlər. Onlar da "Demokratik birlik" adlı fraksiya yaradıblar. Partiya öz daxili problemlərini həll etsə, yaxşı olar".

Bütün xəbərlər Facebook səhifəmizdə