"Xarici siyasətlə bağlı ölkə qarşısında duran əsas vəzifə, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsidir". Bunu Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində çıxışı zamanı deyib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu məsələnin həlli üçün bütün imkanlardan istifadə edir və etməlidir. Bununla belə diplomatik səylər gücləndirilməlidir.
Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycan ilə Ermənistan arasındakı fərqin, yəni uçurumun daha da böyüdüyünü qeyd edib. Prezident vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT-in qərarları, digər beynəlxalq təşkilatların - İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, Avropa Şurasının, Qoşulmama Hərəkatının qətnamələri, NATO-nun qərarları, yəni, hüquqi baza kifayət qədər genişdir, möhkəmdir və sarsılmazdır. Münaqişənin həlli üçün ilk növbədə hüquqi baza möhkəm olmalıdır. Bu məsələ ilə bağlı Ermənistanın mövqeləri çox zəifdir, bizim mövqelərimiz isə daha güclüdür.
Dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə iqtisadi baxımdan da yanaşıb. Bildirilib ki, iqtisadiyyatımız müqayisəedilməz dərəcədə irəliyə gedib. Təkcə hərbi xərclərimiz Ermənistanın bütün büdcəsindən iki dəfə çoxdur. Bizim iqtisadi imkanlarımız genişlənir. İqtisadi tərəfdaşlarımızın sayı artmaqdadır, ixrac potensialımız artır.
Prezident Azərbaycanın dünyadakı nüfuzunun artdığını da bəyan edib. Qeyd olunub ki, Təhlükəsizlik Şurasında olmağımız bizə imkan verəcək ki, dünyada özümüz haqqında daha da dolğun məlumat verək, özümüzü gənc, dinamik, müasir, inkişafda olan ölkə kimi təqdim edək: "Biz gücümüzü artıracağıq. Bizimlə dost olmaq istəyən ölkələrin sayı artır. Mən bu işdə səfirliklərin rolunu yüksək qiymətləndirirəm. Çünki biz xüsusilə son bir neçə il ərzində ikitərəfli formatda, böyük irəliləyişə nail ola bilmişik".
Dövlət başçısı Azərbaycanın bölgədə söz sahibi olduğunu və bundan sonra mövqeyinin daha da möhkəmlənəcəyini bildirib: "Biz heç vaxt imkan verə bilmərik ki, Ermənistan hər hansı bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsinə qoşulsun. Biz onları təcrid etmişik, bunu gizlətmirik. Gələcəkdə təcridetmə siyasətimiz davam etməlidir. Bu, öz bəhrəsini verir. Əgər məsələni sülh yolu ilə həll etmək üçün bizə daim mesajlar göndərən tərəfdaşlar bölgədə sülh olmasını istəyirlərsə, Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Çünki əks təqdirdə məsələnin başqa yolla həll edilməsi istisna deyil".
Prezident xarici siyasətlə bağlı Dağlıq Qarabağ problemi və Xocalı soyqırımını dünyada tanıtdırmaq məsələsinə də toxunub. Bildirilib ki, bizim səfirlər, səfirliklərin nümayəndələri bu məsələni mümkün olan hər yerdə qaldırmalıdırlar: "Çalışmalıyıq ki, bu soyqırımı müxtəlif səviyyələrdə tanınsın. Biz istər regional, istər munisipal, istər federal səviyyədə bu işi daim aparmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB