Ermənistan-Terror yuvası!

1970-ci illərin ortalarında daşnaklar bir sıra terrorçu təşkilatlar yaratmışlar və onların arasında "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu" ("Armenian Secret Army for the Liberation of Armenia" - "ASALA") fəallığı ilə diqqəti cəlb edir. "ASALA" dünyanın bir sıra ölkələrindəki sol ekstremist və millətçi hərəkatları dəstəkləyir. Təşkilat 1975-ci ilin yanvar ayında Livanın paytaxtı Beyrut şəhərində yaradılıb. Törətdiyi ilk terror aktı 1975-ci ilin yanvar ayında Beyrut şəhərində yerləşən Ümumdünya Kilsələr Şurası binasının partladılması olub. 1975-1982-ci illər ərzində "ASALA" əsas etibarilə türk diplomatlarına, təşkilatın üzvlərinin həbsdə saxlanıldığı ölkələrin vətəndaşlarına, habelə Qərb dövlətlərinin nümayəndəliklərinə, o cümlədən, "KLM", "LUFTHANSA", "TWA" təyyarə şirkətlərinin ofislərinə qarşı hücumlar təşkil edib. "ASALA" Livan, Türkiyə, ABŞ (Los-Anceles şəhərində hava limanını partlatmaq cəhdi), Fransa (Türkiyə səfirinin qətli), Yunanıstan, İsveçrə, İspaniya, Avstriya (Türkiyə səfirinin qətli), Böyük Britaniya (Türkiyə aviaşirkətinin Londondakı ofisində partlayış), İtaliya, İran, Macarıstan və digər ölkələrdə 200-dən artıq terror aktı törədib ki, bunların da nəticəsində 52-si türk mənşəli olmaqla 100-dək şəxs qətlə yetirilib, 500-dən artıq insan yaralanıb. Təşkilatın bir neçə yüz üzvünün olması ehtimal edilir. "ASALA"-nın bir sıra üzvləri, o cümlədən, Varujan Karapetyan, Vazgen Sislyan, Hilbert Minasyan, Monte Melkonyan Dağlıq Qarabağ münaqişəsi zamanı qanunsuz erməni silahlı birləşmələrinin tərkibində vuruşublar. 1990-cı ilin əvvəllərində "ASALA"-nın fəaliyyətinin bir qədər zəifləməsi müşahidə olunmuş, təşkilatın bəzi üzvləri yeni yaranmış terrorçu qruplaşmalara, o cümlədən, "Vrej" ("Qisas") hərəkatına qoşulublar. "Vrej" Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsində və Rostov vilayətində əməliyyatlar keçirmiş, xüsusən də, Azərbaycan Respublikası istiqamətində hərəkət edən qatarlarda terror aktları törədib. Bununla yanaşı, bir müddət əvvəl "ASALA" azərbaycanlı və türk diplomatları əleyhinə terror aktlarının həyata keçirilməsi barədə yeni təhdidlərlə çıxış edib. Mövcud məlumatlara görə, "ASALA" liderləri ER siyasi rəhbərliyi, eləcə də Ermənistanın xüsusi xidmət orqanları ilə mütəmadi məsləhətləşmələr aparırlar.

Qeyd etmək lazımdır ki, SSRİ dağıldıqdan sonra erməni terrorçuluğu öz fəaliyyət istiqamətlərini dəyişərək "Qarabağ ermənilərinin müqəddəratı uğrunda mübarizə" adı altında Azərbaycana qarşı işğalçılıq siyasətinin alətinə çevrilib. Bu fonda Yerevanda Türkiyə rəsmilərinə qarşı terrorçuluq aktlarına görə ittiham olunan ermənilərə dövlət səviyyəsində dəstək kampaniyası təşkil edilib. Belə ki, "ASALA"-nın üzvü, Suriya əsilli, 1983-cü ilin iyun ayında Fransanın Orli şəhərindəki hava limanında törədilmiş partlayışda təqsirli bilinən Varujan Karapetyana bəraət əldə edilməsi üçün Ermənistan xüsusi xidmət orqanları tərəfindən "Eçmiadzin" kilsəsinin imkanları vasitəsilə adı çəkilən terrorçunun azadlığa buraxılması tələbi ilə milyonadək imza toplanıb. ER-ə gəlmiş terrorçular 100 min nəfərdən artıq azərbaycanlının qətlə yetirilməsində, 250 min nəfərin isə Ermənistandan qovulmasında fəal iştirak ediblər.

Digər bir peşəkar terrorçu, "ASALA"-nın başçısı, tanınmış beynəlxalq terrorçu Karlosun "yetirməsi", ABŞ vətəndaşı Monte Melkonyan Fransa həbsxanasından azad edildikdən sonra 1990-cı ildə Ermənistana gəlmiş və dərhal Dağlıq Qarabağ bölgəsinə göndərilib. Mövcud məlumatlara görə, M.Melkonyan Livanın Bekaa vadisində terrorçuluq hazırlığı keçmiş, partlayıcı qurğular üzrə mütəxəssis kimi yetişib. Qarabağda terrorçu qruplaşmalara rəhbərlik edərək M.Melkonyan burada əldə etdiyi "təcrübəni" tətbiq edib. Nəticədə 1 milyona yaxın etnik azərbaycanlı öz tarixi torpaqlarından didərgin düşüb və hazırda qaçqın düşərgələrində yaşayırlar. M.Melkonyan 1993-cü ildə Azərbaycan ordusunun hissələri ilə döyüş zamanı məhv edilib. Terrorçunun Yerevanda keçirilmiş dəfn mərasimində ER rəhbərləri, o cümlədən, prezident də iştirak edib. M.Melkonyan Ermənistanın "milli qəhrəmanı" adına layiq görülmüş, ER Müdafiə Nazirliyinin təxribat qruplarından birinə onun adı verilib.

Qarabağ ermənilərinin "öz müqəddəratını həlletmə", "münaqişənin ədalətli həlli", eləcə də "tarixi hüquqları" uğrunda mübarizəsinin güclənməsi fonunda Ermənistan hökuməti tərəfindən bölgəyə "ASALA"-nın yeni üzvlərinin göndərilməsi istiqamətində tədbirlər görülüb. Belə ki, 1981-ci ildə Türkiyənin Fransadakı səfirliyinə hücumda iştirak etmiş Vazgen Sislyan adlı terrorçu 1992-ci ildə vertolyotla Xankəndi şəhərinə göndərilib. Özünü "Arsaxın azadlığı uğrunda mübariz" kimi təqdim etmiş V.Sislyan həmin dövrdə "Moskovskiye novosti" qəzetinə verdiyi müsahibədə zorakılıq siyasətini ictimai rəyi "erməni məsələsi"nə yönəltmək üçün vacib vasitə kimi dəyərləndirib.

Qarabağdakı azərbaycanlı əhaliyə qarşı törədilən qırğınlarda xüsusi "rol" oynamış terrorçular arasında həmçinin, əslən Yaxın Şərqdən olan Əbu Əli və Gilbert Minasyanın adları vurğulanır. Həmin terrorçular Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Ermənistanın maraqlarına zidd iştirak etdikləri təqdirdə rəsmi Ankaranı, eləcə də beynəlxalq neft şirkətlərini terror aksiyaları ilə hədələmişlər.

Ermənistanın azərbaycanlılara qarşı dövlət səviyyəsində yürütdüyü terrorçuluq siyasətinin nəticəsi olaraq 1989-1994-cü illərdə Dağlıq Qarabağda erməni terrorçuları tərəfindən nəqliyyat vasitələrində 29 terror aktı törədilib, 2 mülki vertolyot və 2 təyyarə vurulub. Erməni terrorçuluğunun başlıca hədəfləri ictimai nəqliyyat, o cümlədən, metro, avtobus, təyyarə, körpülər, diplomatik nümayəndəliklər, eləcə də, dinc əhalinin sıx toplaşdığı yerlərdir.

Digər erməni terrorçu və ekstremist qruplaşmaları sırasında "Erməni Soyqırım Ədalət Komandosları" ("Justice Commandos of the Armenian Genocide" - "JCAG") terrorçu təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrut şəhərində yaradılıb. Təşkilatın əsas məqsədi qismində Şərqi Türkiyə də daxil olmaqla müstəqil Ermənistan dövlətini yaratmaq elan olunub. 1983-cü ildən "Erməni inqilab Ordusu" ("Armenian Revolutionary Army" - "ARA" ) adı altında çıxış etməyə başlayıb. Öz fəaliyyətində marksist ideyalarını üstün tutan "ASALA" ilə müqayisədə "JCAG" daha millətçi mövqedən çıxış edir. Mətbu orqanı - "Yerevan" qəzetidir. Əsas hədəfləri türk diplomatları, türklərə məxsus müəssisə və obyektlərdir. 1982-ci ilin yanvar ayında Türkiyənin Los-Anceles şəhərindəki konsulu Kamal Arikan "JCAG" üzvləri tərəfindən qətlə yetirilib. Bəzi məlumatlara görə, "ARA"-nın mənzil-qərargahı Fransada yerləşir. "ARA" üzvlərinin 1983-1985-ci illər ərzində törətdikləri terror aktları nəticəsində 1 türk diplomatı, 4 Türkiyə vətəndaşı, 1 Portuqaliya və 1 Kanada vətəndaşı həlak olublar.

"Gizli Erməni Azadlıq Təşkilatı" ("Secret Armenian Liberation Organization") 1975-ci ildə bəzi məlumatlara görə, Suriya erməniləri tərəfindən Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilatın həyata keçirdiyi terror aktları nəticəsində 19 türk diplomatı həlak olub.

"Erməni Azadlıq Cəbhəsi" ("Armenian Liberation Front" - "ALF") 1979-cu ildə yaradılıb və faktiki olaraq, "ASALA" tərəfindən idarə olunur. "ALF" həmçinin Türkiyə və Dağlıq Qarabağda təxribatlar törətmək məqsədi ilə silahlıların hazırlanmasında fəal iştirak edib.

"Erməni Birliyi" ("Armenian Unity" - "AU") 1988-ci ildə Moskvada Vazgen Sisiyan tərəfindən yaradılıb. "ASALA" ilo sıx əlaqələrə malikdır. "AU" xüsusilə "ASALA"-nın silahlı basqınlarının maddi təminatı, muzdluların cəlb edilməsi və silahlandırılması məsələləri ilə məşğul olur.

"Erməni Azadlıq Hərəkatı" ("Armenian Liberation Movement" - "ALM") 1991-ci ildə Fransada təsis edilib. "ALM" terror aksiyalarının təşkili və həyata keçirilməsi istiqamətində "ASALA" ilə sıx əməkdaşıq edir.

"9 İyun Qrupu" ("9 June Group") 1991-ci ildə yaradılıb və İsveçrədə fəaliyyət göstərir. Qrupun əsas məqsədi kimi həbs və məhkum olunmuş erməni terrorçuların müəyyən dövlətlərə qarşı terror aktları törətmək yolu ilə azadlığa buraxılmasına nail olmaqdır.

"Erməni Müqavimət Təşkilatı" ("Armenian Resistance Organization") 1997-ci ildə Parisdə təsis olunub. Təşkilat öz fəaliyyətində sosialist ideologiyasını rəhbər tutur.

"Azadlıq Pələngləri" ("Freedom Tigers") 1991-ci ildə yaradılıb. Təşkilatın üzvləri Qarabağda gedən döyüşlərdə fəal iştirak ediblər. "Dağlıq Qarabağın İnqilabi İdarə Olunması Komitəsi" ("KRUNK") 1987-ci ildə Xankəndidə qeyri-qanuni olaraq xarici erməni diasporunun iştirakı ilə yaradılıb. Təşkilatın üzvləri Dağlıq Qarabağda gedən əməliyyatlarda iştirak ediblər. "KRUNK"-un sıralarında Yaxın Şərqdən olan xarici muzdlular da döyüşüblər.

Təşkilatın rəhbəri keçmiş Stepanakert tikinti-inşaat materialları kombinatının direktoru Arkadi Manuçarovdur. Qurumun ideoloji bölməsinə isə həmin şəhərdə fəaliyyət göstərən yunəyirmə fabrikinin partiya komitəsinin katibi, ER-in sabiq prezidenti Robert Köçəryan rəhbərlik edib. Hazırda təşkilat dünyanın bir çox ölkələrində Dağlıq Qarabağ münaqişəsinin tarixi və qondarma "erməni soyqırımı"na dair materialların yayılması ilə məşğul olan erməni mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir.

Qeyd etmək lazımdır ki, azərbaycanlı zabit Ramil Səfərovun Macarıstandan məlum ekstradisiyası və AR dövlət başçısının fərmanı ilə əfv edilməsi ilə əlaqədar son zamanlar erməni terrorçu və ekstremist təşkilatları tərəfindən AR və eləcə də TR diplomatlarına qarşı səsləndirilən təhdid və hədələrin güclənməsi müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə