Prezidentə üç müraciət edilib

Bu gün "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi "Vətəndaş cəmiyyətinin formalaşmasında mədəniyyətin strateji rolu" mövzusunda mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, tədbirdə PA-nın ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov, Millət vəkilləri Musa Qasımlı, Jalə Əliyeva, Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər rəsmi şəxslər iştirak edib. Konfarnsı giriş nitqi ilə "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin rəhbəri İradə Yaqubova açaraq bildirib ki, 2011-ci ilin yanvar ayında ictimai əsaslarla "Vətəndaş cəmiyyəti gələcəyimiz naminə" layihəsinə başlayıb. Qeyd olunub ki, layihə çərçivəsində gənc nəslin vətəndaş cəmiyyətinin layiqli üzvü kimi formalaşması sahəsindəki vəziyyət və problemlər araşdırılıb, monitorinqlər və rəy sorğuları keçirilib, alınan nəticələr əsasında təkliflər hazırlanıb: "Araşdırmalar 4 Dəyirmi Masada aidiyyəti dövlət qurumları və ictimaiyyətin iştirakı ilə müzakirə olunub, ölkə prezidentinə təkliflərlə 3 müraciət edilib. Bu müraciətlərdə yetişən nəslin mədəni inkişafına yönəlmiş qanunların qəbulu, Dövlət Uşaq Televiziya kanalının açılması, Müstəqil təşəbbüslərə Dövlət Dəstəyi Fondunun yaradılması və digər aktual məsələlər qeyd olunub" -deyə, o əlavə edib.

İ.Yaqubova mərkəzin mövcud qanunvericilikdə uşaqlarla bağlı müəyyən boşluqlarının olduğunu nəzərə alaraq 2011-ci il aprelin 2-də təkliflər irəli sürüb. Bildirilib ki, bunlardan biri 2011-ci il aprelin 2-də ölkə Prezidentinə uşaqların və yeniyetmələrin mədəni və mənəvi tərbiyələndirilməsinə dair "Uşaq siyasətinə aid Milli strategiya"nın işlənilməsi və geniş ictimai müzakirəsi, bu məqsədlə müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyətinin təmsilçilərini cəlb etməklə Koordinasiya şurası və ya İşçi qrupunun təklifi olub.

O, həmçinin ELS AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaq internet portalı resurslarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində "Mənəvi sərvətimiz" adlı Uşaq İnternet portalının yaradılmasını diqqətə çatdırdı.

Daha sonra PA-nın ictimai-siyasi şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov çıxış edərək Vətəndaş cəmiyyətinin formalaşması istiqamətində çoxsaylı Dövlət proqramlarının həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Dövlət Vətəndaş cəmiyyəti tərəfindən irəli sürülən təşəbbüsləri dəyərləndirir və bu layihələrin nəticəsinə görə öz diqqət və qayğısını əsirgəmir.

Digər çıxış edənlər də "ELS-Müstəqil Araşdırmalar Mərkəzi"nin gördüyü işləri təqdirəlayiq bir hal kimi dəyərləndirərək bunun davamlı olmasını diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə