Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Asəf Hacıyevin SİA-ya müsahibəsi:
- Avropa İttifaqı və digər beynəlxalq qurumlar Ramil Səfərovun vətənə gətirilməsi və əfv olunmasını müsbət qarşılamadı. Bu kimi münasibətin olması nə dərəcədə düzgündür?
- Təbii ki, düzgün deyil. Biz yenə də ikili standartla rastlaşırıq. Yadınıza salım ki, Xocalı soyqırımında çoxlu sayda azərbaycanlı həlak oldu. Bununla da kifayətlənməyən Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Avropa Şurasında tribunadan səslənərək dedi: "Fəxr edirəm ki, orada iştirak etmişəm və çoxlu sayda insanın ölümünə səbəb olmuşam". Bunu Avropa çox sakit qəbul etdi. Avropa o zaman səsini qaldıra bilməzdimi? Digər məsələ isə Fransada partlayışlar törətmiş Velkumyan Ermənistana qaytarılması idi. Hətta o, heç Ermənistan vətəndaşı da deyildi. Meydana bir sual çıxır. Fransa vətəndaşı niyə Ermənistana qaytarılır? Bu məsələyə də Avropa heç bir reaksiya vermədi. Hətta Ermənistanda ona milli qəhrəman adı verildi. Niyə? Çünki o, türkləri öldürmüşdü. Azərbaycan müstəqil dövlətdir və güclü iqtisadiyyatı var. Bu gün Avropanın Azərbaycana böyük ehtiyacı var. Ölkəmiz Avropanı enerji ilə təmin edir. İkili standartların qəbul edilməsi əməkdaşlığa mənfi təsir göstərə bilər. Avropa artıq anlamalıdır ki, Azərbaycanın öz inkişaf yolu var. 20 illik müstəqillik dövründə Azərbaycan böyük yol qət edib. Bu yol hətta bir çox ölkələr üçün nümunə ola bilər. Ramil Səfərovun məsələsində erməni lobbisi və digər faktorlar öz rolunu göstərir. Hesab edirəm ki, ikili standartlara yol verilməməlidir. Avropada hər zaman səsləndiririk ki, Dağlıq Qarabağ məsələsi həll olunmalı, bu konflikt başa çatmalıdır. Bunun həllinə nail olmaq istəyiriksə, belə qətnamələr qəbul olunmamalıdır.
- Ermənistanın terror təşkilatı "ASALA"nın xaricdə yaşayan diplomatlarımızı öldürməklə bağlı bəyanatı yayması, sonra onu təkzib etməsi nə ilə bağlı idi?
- 1990-cı ildə Azərbaycanda metro partlayışı oldu. Sonradan məlum oldu ki, onun müəllifi bir Azərbaycanlı idi. Vaxtilə erməni qüvvələri tərəfindən həbs olunmuşdu. Həmin zaman da qarşı tərəf ona təklif etmişdi ki, Azərbaycanda bu partlayışı törətsin. Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı dəfələrlə terror törədib. Bununla bağlı Azərbaycan parlamentində Ermənistanla bağlı qətnamə qəbul etmək lazımdır ki, dövlət səviyyəsində terror keçirmək olmaz. Digər tərəfdən ASALA-nın Azərbaycanın Macarıstanda olan səfirliyinə göndərdiyi məktub yenə göstərir ki, bunlar terrorla məşğuldur. Ancaq Avropa bütün bunlara göz yumur. Avropa bununla bağlı gərək ciddi qətnamələr qəbul etsin. Təbii ki, bir qətnamə ilə iş bitmir. Xaricdə yaşayan hər bir vətəndaşımızın həyatı dövlətimiz üçün önəmlidir. Buna görə də müharibə istəmirik. Məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq.
- Adıçəkilən terror təşkilatı hətta türk diplomatlarına qarşıda bu əməliyyatı həyata keçirəcəyini bəyan edib. Bu nə dərəcədə düzgündür?
- Bu təşkilat vaxtı ilə belə terroru türk diplomatlarına qarşı edib. Ancaq indi dünya dəyişib. Əgər onlar belə yola əl atsalar, Azərbaycan təbii ki, onların cavabını lazımi səviyyədə verəcək. Təbii ki, cavabımız terror olmayacaq. Bu gün texnologiyalar inkişaf edib. Bunun qarşısını rahatlıqla alacağıq. Ona görə də dostlarımız, qardaşlarımız, xaricdə işləyən diplomatlarımız heç nədən narahat olmasınlar. Azərbaycan dövləti lazımi təhlükəsizliyi onlar üçün yaradacaq və qısa zamandan sonra torpaqlarımız qaytarılacaq. Bütün dünya görəcək ki, ermənilərin törətdiyi terror nədən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB