"Hamı buna öz etirazını bildirməlidir"

"Hamı buna öz etirazını bildirməlidir"

Azərbaycanda siyasi partiya rəhbərlərinin bir araya gəlməsi və ümummilli məsələdə yekdil fikrə gəlinməsi çox müsbət qiymətləndirilir və qiymətləndirilməlidir də. Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sədri Vaqif Abışov Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qətnaməyə qarşı siyasi partiyaların imzaladığı birgə bəyanatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın indiki məqamda, yəni torpaqlarımızın iyirmi faizinin işğal olunduğu, eləcə də bəzi təşkilatların ölkəmizə qarşı siyasi təzyiqlərinin gücləndiyi bir vaxtda ölkənin siyasi partiyalarının bir araya gəlib, birlik nümayiş etdirib bəyanat imzalaması bizlərə hava və su kimi lazımdır: "Hesab edirəm ki, bunun davamlı olması daha önəmli olardı. Bu tək mənim tərəfimdən, siyasi partiya təmsilçisi kimi deyil həm də bir elm adamı kimi təqdirəlayiq bir addım kimi dəyərləndirilməlidir. Ona görə də ümummilli məsələlərdə, xüsusilə, Dağlıq Qarabağ (DQ) məsələsində, təcavüzkara qarşı və bütöv Azərbaycan məsələsində yekdil fikrə gəlinməlidir".

V.Abışov vurğulayıb ki, Avropa Parlmanetində ermənipərəst, ermənistanın təcavüzkar siyasətini müdafiə edən qüvvələr təəssüflər olsun ki, mövcuddur: "Bu ilk belə hal deyil. Bu bir faktdır. Gəlin görək, ATƏT-in Minsk qrupundə kimlər təmsil olunur? Fransa, Amerika (ABŞ) və Rusiya. Ermənistanın təcavüzkar bir dövlət olması, Azərbaycanın işğal altında olan torpaqları, öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşən soydaşlarımız məlum olsa da amma hələ də heç bir addım atılmayıb. Bu baxımdan hesab edirəm ki, Avropa Parlamentinin Ramil Səfərovla bağlı çıxardığı qərardan təəccüblənməməliyik. Əksinə bizlər bunu xristian təəsübkeşliyi, ermənilərin müdafiə olunmasına xidmət edən bir bəyanat kimi qəbul etməliyik. Hesab edirəm ki, nəinki siyasi partiya rəhbərləri, bütün kütlə, xalq, müəssisələr birlikdə bu bəyanata öz etirazını bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə