“Azərbaycanın gücü diplomatlarımızı qorumağa yetərlidir” MÜSAHİBƏ

“Azərbaycanın gücü diplomatlarımızı qorumağa yetərlidir” MÜSAHİBƏ

Politoloq Vüsal Quliyevin SƏS TV-yə müsahibəsi:

- Ramil Səfərovun vətənə qayıtması bəzi ölkələrin Azərbaycana münasibətini dəyişdi. ikili standartın bu sayaq tətbiqi nə dərəcədə düzgündür?

- Bu məsələyə mənəvi və hüquqi tərəfdən baxaq. Hüquqi tərəfdən yanaşsaq, bir dövlətin digərinə ümumi konvensiyalar çərçivəsində cinayətkarların verilməsi normal bir hadisədir. Hər hansı şəxs əgər cinayət törədibsə, onun cinayəti başqa dövlət tərəfindən sübut olunubsa və onun başqa bir dövlətə verilməsi, əfv olunması hüquqi praktikada var. Belə hal həmçinin dünya praktikasında da mövcuddur. Ramil Səfərovun da həbsdə olması, vətəninə geri qaytarılması və Ali Baş Komandanımızın onu əfv etməsi hüquq normaları çərçivəsində olub. Burada qeyri-adi bir şey yoxdur. Bunu şişirtmək lazım deyil. Məsələyə mənəvi tərəfdən yanaşsaq, bu dövlətimizə, xalqımıza dəstəkdir. Bir çoxları isə bunu Qarabağa bir addım yaxınlaşmaq kimi qeyd edir. Doğrudan da bu belədir. Ramil Səfərov bizim üçün qəhrəmandır. Onun bu formada Azərbaycana qaytarılması o deməkdir ki, Ali Baş komandan istənilən vaxt əmr verdikdə Dağlıq Qarabağı almağa hazırıq. Sadəcə bu əmri gözləyirik. İlham Əliyev bu addımı ilə onu göstərdi ki, Azərbaycan torpaqlarını almağa qadirik. Danılmaz faktdır ki, hərbiyə ayrılan vəsaitlər ilbəil artır. Bu da Azərbaycanın gücünü göstərir. Təbii ki, belə olan halda bir çox dövlətlər qısqanclıq hissi göstərir. Bu gün Azərbaycan diplomatiyası uğurlu inkişaf edir və öz işini görür.

- Ermənistanın ASALA terror təşkilatı xaricdə yaşayan Azərbaycan diplomatlarının öldürülməsi ilə bağlı bəyanat yayıb. Buna münasibətiniz necədir?

- Azərbaycan Ermənistan tərəfindən terrorizmə məruz qalan bir dövlətdir. Ermənistan hər zaman ölkəmizi terror aktları ilə qorxudur. Azərbaycan nə qədər güclü, qüdrətlidirsə, bir o qədərdə ermənilər elə xırda işlərə əl ata bilərlər. Yəni, bunu Ermənistandan, onların terror təşkilatlarından gözləmək olar. Bu normal haldır. Azərbaycanın gücü istənilən diplomatımızı qorumağa yetərlidir. Diplomatlarımızın təhlükəsizliklərini yaşadıqları dövlətlərin lazımi qurumları cavabdehdirlər. Onlar istənilən halda öhdələrinə düşən vəzifəni etməlidir. Necə ki, dövlətimizdə başqa diplomatlar təhlükəsiz fəaliyyət göstərir. Eyni zamanda, dövlətimizin də diplomatları orada təhlükəsiz fəaliyyət göstərməlidir. Bu da onu göstərir ki, Azərbaycan düzgün yolda və istiqamətdədir. Azərbaycan öz diplomatlarına qarantdır. Azərbaycanın özü təhlükəsiz bir dövlətdir. Sadəcə Dağlıq Qarabağ problemi həll olunandan sonra daha da inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə