Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Azərbaycan Prezidenti Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olub.
Əvvəlcə dövlətimizin başçısı Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxıb.
Sonra Azərbaycan Prezidenti Mədəniyyət Evinin teatr-konsert zalında olub. Bildirilib ki, burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır.
Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı mərkəzin planını və gələcək görünüşünü əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, 2,8 hektar torpaq sahəsi ayrılmış mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.
Qeyd edilib ki, ümumi sahəsi 10 min 200 kvadratmetr olan mərkəzin gələn ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub. Mərkəzdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.
Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.
Azərbaycan Prezidenti Qəbələ şəhər məscidinin yeni binasının tikintisində son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısı məscidin tikintisinin tam başa çatmasından sonrakı görüntülərini əks etdirən fotostendə baxıb. Məlumat verilib ki, Qəbələ şəhər məscidinin əvvəlki kiçik binası son dövrdə tamamilə yararsız vəziyyətə düşmüşdü. Məscidin yeni binasının tikintisinə 2011-ci ilin martında başlanılıb, bu məqsədlə 800 kvadratmetr torpaq sahəsi ayrılıb. Məscidin ikimərtəbəli əsas binasının, eləcə də giriş pilləkəninin, körpücüyün və 21,6 metr hündürlüyündə minarəsinin tikintisi artıq başa çatdırılıb. Minarənin davamlılığını artırmaq məqsədi ilə 10 metr dərinliyində özülbərkitmə işləri aparılıb. Hazırda binanın daxilində işlər yekunlaşmaq üzrədir.
Diqqətə çatdırılıb ki, məscidin ərazisindəki məişət binasında da son tamamlama işləri görülür. Burada kitabxana, mərasim zalı, dəstəmaz yerləri və digər otaqlar fəaliyyət göstərəcəkdir.
Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olub.
Dövlətimizin başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxıb.
Məlumat verilib ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcək. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı da yaradılacaq. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.
Dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB