Ərdoğan: “146 azərbaycanlı ziyalı qəddarlıqla edam olundu”

Ərdoğan: “146 azərbaycanlı ziyalı qəddarlıqla edam olundu”

"1945-cı ildə Azərbaycandan 146 nəfər ziyalı Stalin zülmündən qaçaraq, Araz çayı üzərindəki Boraltan körpüsünü keçib Türkiyəyə sığınıb. SSRİ-nin o vaxtki rəhbəri Stalin həmin azərbaycanlıların dərhal geri qaytarılmasını istəyib". SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumatına əsasən, bunu baş nazir Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib.

Baş nazirin söylədiyinə görə, o vaxt SSRİ-dən sərhəd məntəqəsinə telefon açılaraq sərhədi keçənlərin dərhal geri qaytarılması tələb olunub. Vəziyyətin gərginləşdiyini görən hakim Cümhuriyyət Xalq Partiyası (CHP) sərhəd məntəqəsinə gələnlərin geri qaytarılmasını tapşırıb. Azərbaycan ziyalıları sərhəddə "bizi düşmənə təhvil verməyin, öldürəcəksinizsə siz öldürün, qardaşlarımız öldürsün" – deyə haray çəksələr də, Ankaranın ürəyi yumşalmayıb.

Nəticədə dərhal SSRİ-yə təhvil verilən 146 azərbaycanlı elə oradaca əl-ayaqları bağlanaraq, türk sərhədçilərin gözü qarşısında gülləyə hədəf olaraq qətlə yetirilir. Ərdoğan bu hadisənin bir ağıya döndüyünü deyərək, şeir parçası da səsləndirib.

Baş nazir həmçinin onu da deyib ki, bu hadisənin şahidi olan Türkiyə sərhəd məntəqəsinin rəisi evinə döndükdən sonra dözə bilməyərək intihar edib.

Bütün xəbərlər Facebook səhifəmizdə