"ASALA Fighters terror təşkilatının hədəsi mənasızdır" MÜNASİBƏT
"Azərbaycan Diaspor təşkilatının dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi işlər və fəaliyyətləri hər zaman erməni diasporunu qıcıqlandırır". SİA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov ASALA Fighters terror təşkilatının Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəallarının hədəf kimi göstərilməsi və onların qətlə yetirilməsi ilə bağlı hədə dolu məktub yaymasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Diaspor təşkilatının fəaliyyətinə qıcıqlanan ermənilər dəfələrlə müəyyən tədbirlərin pozulması üçün müxtəlif cəhdlər atıb: "Bütün bunlara baxmayaraq, bunun qarşısı Azərbaycan diasporu tərəfindən alınıb".
Yayılan hədə məktubu ilə bağlı dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən Azərbaycan Diaspor təşkilatları ilə əlaqə saxlanıldığını deyən B. Nəzərov: "Oradakı diaspor təşkilatlarına hər zaman bu kimi məsələlərə qarşı ayıq- sayıq olmalarına görə müəyyən tövsiyələr verilib. Bizim diaspor təşkilatları xarici ölkələrdə yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrin hüquq mühafizə orqanları ilə daim əlaqəli şəkildə əməkdaşlıq etməlidirlər. Baş verə biləcək hər hansı bir fövqəladə halların və ya terrora cəhd hallarının qarşısını almaq üçün əlaqələri möhkəm qurmalıdırlar",- əlavə edib.
Bəhruz Nəzərov onu da qeyd edib ki, erməni terror təşkilatı tərəfindən səslənən bu hədələr dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Diaspor təşkilatlarının işinə və onların planlaşdırdıqları tədbirlərə hər hansı bir təsir göstərməyib: "Hər şey öz qaydasında planlı şəkildə bundan sonra da davam edəcək".
Qeyd edək ki, sentyabrın 3-də Azərbaycanın Macarıstandakı səfirliyinə ASALA Fighters terror təşkilatından daxil olmuş sənəddə Azərbaycan diplomatları, xaricdə təhsil alan azərbaycanlı tələbələr, iş adamları, diaspor təşkilatlarının fəalları hədəf kimi göstərilir və onların qətlə yetiriləcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB