YAP hakimiyyətdə qalmaq iddiasını açıqladı

YAP hakimiyyətdə qalmaq iddiasını açıqladı

Azərbaycan Milli Məclisinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova partiyanın prezident seçkiləri ilə bağlı hazırlıqlarının növbəti dəfə öz müsbət nəticəsini verəcəyini hesab edir. SİA-nın məlumatına görə, B.Muradova trend-ə bildirib ki, bu gün Azərbaycanda iqtidarda olan siyasi qüvvə seçkilərə hazırlıq prosesinə heç zaman fasilə verməyib.

"Azərbaycanda seçkilərə hazırlıq başlanılıb. Yəni kimlər üçünsə başlanılıb, amma kimlər üçünsə bu, daimi prosesdir. Çünki iqtidarda qalmaq istəyən, ümumiyyətlə, iqtidara gəlmək istəyən siyasi qüvvə və onun namizədi davamlı, məqsədyönlü, fasiləsiz, müsbət nəticəyə hesablanmış, seçicilərin daha çox etimadını və inamını qazanmaq, onu qorumaq, inkişaf etdirmək istiqamətində səy, fəaliyyət göstərməlidir. Yeni Azərbaycan Partiyasının fəaliyyəti bu istiqamətdədir. Hesab edirəm ki, bu hazırlıqlar növbəti dəfə öz müsbət nəticəsini verəcək", - deyə vitse-spiker vurğulayıb.

B.Muradova qeyd edib ki, düşərgəsindən asılı olmayaraq, seçkilərə kimin necə hazırlaşması onların imkanı daxilində olan məsələdir: "Müxalifətin imkanı bu gün ona çatır ki, bir-biri ilə razılaşmamaqla özlərini gündəmdə saxlamağa cəhd etsinlər. Bu da onların özlərinin ifadə formasıdır, özlərinin siyasi fəaliyyətinin təzahürü formasıdır".

Vitse-spiker vurğulayıb ki, hər kəs öz sosial bazasına, siyasi kapitalına uyğun hazırlığı həyata keçirir.

Azərbaycanda növbəti prezident seçkiləri 2013-cü ilin sonlarında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə