”Əslində kimin vahid namizəd olacağı məlum deyil”

Elçin Mirzəbəyli: "Əli Kərimli, İsa Qənbər, Pənah Hüseyin artıq bitmiş siyasətçilərdir"
”Əslində kimin vahid namizəd olacağı məlum deyil”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq məsələlər üzrə müavini, "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəylinin SəsTV-yə müsahibəsi

- Sizcə, vahid namizəd məsələsinin ortaya çıxması bir qədər tez deyilmi? Eyni blokda təmsil olunan eyni siyasi fikri paylaşanların arasında fikir ayrılığının yaranması düzgündürmü?

- Müxalifətin siyasi düşərgəsində fikir ayrılığı hər zaman mövcud olub. Çünki bu insanlar ideoloji prinsiplər ətrafında birləşməyiblər və hədəfləri də yaxın hədəflərdir. Öncədən də proqnozlaşdırılmışdı ki, seçkilərə xeyli müddət qalmış bu problem ortaya çıxacaq və vahid namizəd problemi həmin düşərgədə ciddi ixtilafın yaranmasına səbəb olacaq. Əvvəlki dövrlərə diqqət yetirsək seçkilər zamanı eyni problemlər yaşanıb. Hər dəfə Azərbaycanın ənənəvi müxalifətini təmsil edən şəxslər hər seçki öncəsi bu və ya digər bloklarda birləşiblər. Həmin bloklarda da vahid namizəd məsələsi ciddi problemə çevrilib və ortaq məxrəcə gələ bilməyiblər. Parlament seçkilərində iştirak edirdilərsə seçkilərdən dərhal sonra bir-birlərinə qarşı iddihamlar səsləndirməyə başlayırlar. Bu iddihamlar səsləndikdən sonra yeni bir format tapıb növbəti monipulyasiyalarına başlayırlar. İndiki zamanda da eyni prosesin baş verəcəyi gözlənilir. İctimai Palatanın daxilində çox ciddi problemlər baş verir. Burada təmsil olunana qüvvələr üstünlüyü ələ almaq üçün, bir siyasətçi digər bir siyasətçiyə öz namizədliyini qəbul etdirmək üçün müxtəlif yollara əl atırlar. İctimai Palatanın regional təşkilatlarının formalaşması prosesində qısa bir müddətdən sonra məlum olub ki, həmin qrumda təmsil olunan siyasi partiyaların mərkəzi ofisində təmsil olunan şəxslər və ya eyni adamlar müxtəlif bölgələrin tədbirlərində regional təşkilatların üzvləri kimi iştirak edirlər. Yəni karusel əməliyyatı keçirilir. "Kimin qüvvələrinin üstün gələcəyi" adlı yarış keçirilir. Əslində heç birinin qüvvəsi yoxdur. Hər biri yalnız digərini aldatmaqla önə çıxmağa, vahid namizəd kimi seçkilərdə iştirak etməyə hazırlaşır. Bir müddət öncə Əli Kərimlinin nəzarəti altında olan qəzet onun vahid namizədliyi olmaq ehtimalınıda önə çəkmişdi. Bu ehtimallar meydana çıxdıqdan sonra və Əli Kərimlinin özü də bu məsələ haqqında müəyyən açıqlamalar verdikdən sonra İsa Qənbər də öz fikirlərini ona çatdırmaq istəyib. O da vahid namizədliyini irəli sürüb. Əslində kimin vahid namizəd olacağı bəlli deyil. İstər Əli Kərimli, istər İsa Qənbər, istər Pənah Hüseyin, istərsə də digərləri artıq bitmiş siyasətçilərdir. Siyasətdən də vaxtında getmək lazımdır, amma onlar artıq bu şanslarının da itiriblər. Bir şəxs 15-20 il partiya sədri olursa və partiya bu müddət ərzində hər hansı bir uğur əldə etmirsə bu bir çox prinsiplərin pozulasına şərait yaradır.

- Sizin fikrinizcə, İctimai Palata vahid namizəd seçməlidir, yoxsa hər bir partiya öz namizədini irəli sürməlidir?

- Vahid namizəd anlayışı o zaman meydana çıxır ki, ayrı-ayrı siyasi qüvvələrin platformaları, hədəfləri, dünya görüşləri, ideoloji prinsipləri üst-üstə düşsün. Bu gün həmin düşərgədə belə bir anlayış və onları birləşdirəcək amil yoxdur. Onlar əvvəlcə özlərində demokratik seçkilər keçirib vahid namizəd seçsinlər. Daha sonra düşərgədə söz sahibi olmaq iqtidarına düşsünlər. Bu şərtlərin hər biri onlar tərəfindən pozulub. Vahid namizədlərinin olmaması müxalifət düşərgəsinin seçkilər haqqında heç bir anlayışının olmamasından xəbər verir. Onlar nəyinki vahid namizəd seçə bilmirlər, hətta onlar İctimai Palata adlanan amorf bir qurumun regional təşkilatlarının formalaşmasında da saxtakarlığa yol verirlər. Onların bundan sonra nəyinki hər hansı bir nəticəyə nail olmayacaqları, hətta daha öncə əldə etdikləri nəticələrdən də az nəticə əldə edəcəkləri indidən bəllidir. Bu insanlar yürütdükləri siyasətlə və verdikləri bəyanatlarla son 5 il ərzində tamamilə iflasa uğrayıblar. Hər iki şəxsin timsalında 2 mənfi halı misal çəkə bilərəm: İsa Qənbərin Erməni Milli Komitəsilə imzaladığı bəyannamə onun hansı milli dəyərlərin daşıyıcısı olduğunu sübuta yetirdi, Əli Kərimlinin də İranı – Xomeynini müdafiəyə qalxması, Azərbaycanın əleyhinə fikirlər səsləndirməsi onun hansı prinsiplərə xidmət etdiyini göstərir. Təkcə bu faktlar yetərlidir ki, ictimaiyyət ümumiyyətlə Azərbaycan siyasətindən bu adamların gedişinə bir mənalı dəstək versin. Amma təəssüf ki, belə bir mexanizm yoxdur. Siyasi partiyaların işinə ictimaiyyətin təsir etmək imkanı yoxdur. Elə bu səbəbdən də onların varlıqları artıq unudulub.

Bütün xəbərlər Facebook səhifəmizdə