Əli Kərimli Elçibəyin zəhərlənməsindən su-istifadə edir

Əli Kərimli Elçibəyin zəhərlənməsindən su-istifadə edir

Müsavat başqanı İsa Qəmbərin dünənki açıqlamasına diqqət yetirsək məlum olacaq ki o heç də müxalifətin vahid namizədi deyil. İsa Qəmbər olsa-olsa ancaq Müsavat Partiyasının vahid namizədi ola bilər. Bunu SİA-ya Demokratik Sol Partiyanın sədri Elşən Manafov deyib.

Onun sözlərinə görə, Müsavat partiyasının özündə təmsil olunan İctimai palatada vahid namizədliklə bağlı məsələyə indiyənə qədər bir aydınlıq gətirilməyib: "Əli Kərimli Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı məsələlərdən su-istifadə edərək, cəmiyyət arasında bir növ ajotaj yaratmağa çalışır. Guya ki, 2013-cü il prezident seçkilərində hakimiyyətin məhz onu müxalifətin layiqli namizəd kimi qəbul etməsinə diqqəti yönəldərək bu mənada hakimiyyətin onun üçün problem yaratdığını iddia edir. O, həmçinin xaricdə onların fəaliyyətini izləyən, maliyələşdirən donor təşkilatların diqqətini də özlərinə cəlb etməyə çalışır. Hesab edirəm ki, o müxalifətin vahid namizədi rolunda çıxış edə bilməz. Əgər nəzərə alınsa ki, 16 siyasi təşkilat və kənardakı siyasi qüvvələr nə Əli Kərimlini, nə də İsa Qəmbəri müxalifətin vahid namizədi statusunda qəbul etmirlər. Digər tərəfdən istər Əli Kərimli, istərsə də İsa Qəmbərin bu cür açıqlamaları müxalifətin vahid namizədi olmağa hesablanmış addımlardır".

E.Manafovun sözlərinə görə, istər Ə.Kərimli, istərsə də İ.Qəmbər 1998-ci ildə mərhum Əbülfəz Elçibəyin müxalifətin vahid namizədi kimi seçkilərə qatılmasının qarşısını əngəlləyən funksionerlər olublar: "Hesab edirəm ki, hər iki siyasətçi vaxtilə Ə.Elçibəyin seçkilərə qatılmasının qarşısını aldıqlarına görə, tərəfdarlarının qınağına tuş gəliblər və bu günün özündə də mərhum Elçibəyin adından yararlanmaq istəyirlər. Güman edirəm ki, nə İsa Qənbər, nə də Əli Kərimli Məmmədəmin Rəsulzadə və Elçibəy yolunun davamçıları ola bilməzlər. Baxmayaraq ki, İsa Qəmbər özü bəyan etmişdi ki, o növbəti dəfə Müsavat başqanı ilə bağlı seçkilərə qatılmayacaq. Amma buna baxmayaraq İ.Qəmbərin sifarişindən sonra Müsavat Partiyasının rəhbərliyində təmsil olunmuş qüvvələr belə bir xəbər yaydılar ki, guya İsa Qəmbərin partiyanın başqanı vəzifəsindən gedəcəyi təqdirdə Müsavatın imicinə ciddi zərbə vurula bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə